Adı çəkilməyən mənbə tam qətiliklə bildirib ki, McLaren komandasının keçmiş sürücüsü qarşıdakı mövsümdə Fransanın zavod komandasının şərəfini qoruyacaq.
F-1.az xatırladır ki, son günlər Kevinin çempionata qayıtması barədə şayiələr sürətlə yayılırdı, Renault və Pastor Maldonadonun şəxsi sponsoru PDVSA neft şirkəti maliyyə məsələlərində razılığa gələ bilmədikləri üçün danimarkalı sürücünün şansları yükəslmişdi.
MotorSport.Com-un məlumatına görə, Maldonadonun karyerasına sponsorluq edən Venesuelanın Dövlət Neft Şirkəti PDVSA cümə gününə qədər Renault-nun hesabına hələ keçən ildən qalan müəyyən məbləği köçürməli idi. Komandada çalışan mənbənin bildirdiyinə görə, heç bir məbləğ köçürülməyib və Renault Maqnusseni komandaya qatmaq üçün zəruri addımlar atmalı olub. Mənbə Kevinin Renault ilə müqavilə bağlamasını qətiliklə təsdiq edib.
Hərçənd, hələ aydın deyil ki, müqavilə hər iki tərəfin hüquqşünaslarının iştirakı ilə bağlanıb yoxsa sadəcə ilkin razılaşma əldə edilib. Həm də hələ tam aydın deyil ki, Maldonadonun komandada qalmaq şansı nə qədərdir – əgər birdən PDVSA maliyyə məsələlərini yoluna qoysa, Enstounda nə qərar qəbul edəcəklər? İstənilən halda, venesuelalı sürücünün çox az vaxtı qalıb.
Qarşıdakı çərşənbə günü fransızlar rəsmi mətbuat konfransı təyin ediblər – konfransda komandanın yeni adı, rəhbər şəxsləri və 2016-cı il mövsümü üçün sürücü heyəti açıqlanmalıdır. İlk mövsümöncəsi testlər isə fevralın 22-də Barselonada başlayacaq.
Debütant Colion Palmerin kokpitdə yeri təmin olub, digər sürücünün kim olması isə 3 gündən sonra bəlli olacaq. Gözləyək…