F-1.az xatırladır ki, Red Bull komandası 2017-ci il üçün çempionluğun ən böyük favoriti sayılsa da, ilk 4 yarışdan sonra həm Ferrari-nin, həm də Mercedes-in gerisində qalır. Lakin, avstriyalılar Barselonaya çoxlu yeniliklər gətirəcəklər. Bunun hesabına öndəki rəqiblərlə fərqin 0.5 saniyəyə düşməsi gözlənilir.
Kristian Horner: “Mövsümün gedişatı mükəmməldir. Soçidə əla yarış oldu və Valtteri Bottas karyerasında ilk qələbəsini qazandı. İndiyə qədər 4 yarış keçirilib və heç birində qalibi əvvəldən müəyyənləşdirmək mümkün deyildi. Dörd yarışda 3 fərqli sürücü qalib gəldi və bu siyahı arta bilər. Qaydalar çox yenidir və zirvəyə qayıdacağımıza şübhə etmirəm. İlk yarışlarda zərəri minimuma endirdik və indi liderlərə çatmaq üçün əlimizdə fürsət var.
Rikkardo keçən ildən fərqlənmir. Əlbəttə, qalib gəlmək istəyir və daha yaxşı nəticələr əldə etməyə layiqdir, ancaq şikayət etmir. 2015-ci ildə vəziyyəti daha pis idi. Ferstappenin isə 19 yaşında olduğuna inanmıram. Davamlı inkişaf edir və yeni şeylər öyrənir. Məncə, yaxşı və maraqlı sürücü cütlüyümüz var. İkisi də bir-birinə motivasiya verir”.