K.Horner: “Rikkardonun Red Bull-u tərk etməsinə bir səbəb görmürəm”

Red Bull Racing komandasının rəhbəri Kristian Horner hesab edir ki, komanda körpüsünün pit-leyndə iki ardıcıl buraxılan səhvinə baxmayaraq, avstraliyalı pilotun komandanı tərk etməyə heç bir səbəbi yoxdur.

F-1.az xatırladır ki, Daniel Rikkardo İspaniya və Monako Qran Prilərində liderlik etməsinə baxmayaraq, hər iki yarışda qələbəni əldən vermişdi. Barselonada komanda strateqləri onu üç pit-stop strategiyasına keçirmişdilər və nəticədə yarışı onun komanda yoldaşı Maks Ferstappen qazanmışdı. Monte Karloda isə Daniel liderliyi pit-stopdakı ləngiməyə görə əldən buraxmışdı.

Mətbuat Deni gah Ferrari-yə, gah Mercedes-ə göndərir, ancaq Kristian Hornerin fikirincə, Rikkardonun komandanı tərk etmək barədə düşünməsinə əsas yoxdur.

BBC radiosunun Hornerə “Pilotunuzu itirməkdən qorxmursunuzmu?” sualına britaniyalı mütəxəssis belə cavab verib: “Xeyr. Əminliklə deyirəm ki, xeyr. Daniel Red Bull sistemində böyüyüb. O, Formula1-ə Red Bull-un dəstəyi ilə gəlib. Düşünürəm ki, o, komandanın potensialını görür və bizimlə eyni məqsədləri hədəfləyib”.

Kristian Horner Rikkardonun məyusluğunun səbəbini bilir, amma hesab edir ki, Danielin nikbinliyi üçün səbəb var – heç olmasa ona görə ki, onun iki yarışda qalib gəlmək şansı var idi: “Mən hesab edirəm ki, onun qalibiyyət uğrunda mübarizə aparması artıq çox gözəldir. Yenə də, Barselonada yarış çətin idi. Hər şey başqa ssenari üzrə gedə bilərdi. Qərar qəbul etdiyimiz zaman biz inanırdıq ki, Danielin qələbəsi üçün ən yaxşı strategiyanı seçmişik. Fettelin qələbəsinə inanaraq Ferrari eyni strateqiyanı seçmişdi.

Bütün olanlardan sonra, özünü uzaqgörən kimi göstərərək, iki pit-stop strategiyasının ən düzgün olduğunu söyləmək çox asandır. Qərar qəbul etdiyimiz an biz bunu bilmirdik. Biz əlimizdə olan təcrübədən və faktlardan irəli gələrək hərəkət edirdik.

Əlbəttə ki, Monakoda baş verənlər yolverilməz idi və mən komanda adından Danieldən üzr istədim. Ancaq bizim rəqabətədavamlı maşınımızın olması bizi ruhlandırır.

Daniel Monte Karloda təmiz rəqabət şəraitində Mercedes-lərlə mübarizədə poul qazana bildi. Biz yarışda liderlik edirdik. Biz həmin Qran Pridə qalib gələ bilərdik. Bu, hər kəs tərəfindən görünən müsbət bir faktordur.

Biz yüksəlişdəyik. Danielin əvəzinə istənilən pilot məyus olardı, ancaq ümid edirəm ki, biz Danielə potensialımızı nümayiş etdirə biləcək bir maşın verəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*