Avstraliyalı sürücünün Qətər yarışında qayıtması gözlənilsə də, simulyator sürüşündən sonra onun Ostində qayıtmasına qərar vermişdilər.
Kristian Horner: “Danieli tam formasında görmək istəyirik. Xüsusən də Qətərdəki hava şəraitini nəzərə alanda bunun doğru qərar olduğunu düşünürəm. Sprint yarışı olan həftəsonunda qayıtması onun üçün çətin olacaqdı, amma əminəm ki, Ostində fiziki cəhətdən daha güclü qayıdacaq.
Təbii ki, qayıtmaq istəyirdi, amma gələn il üçün müqaviləsi var və komandamızda hazırda Liam Louson kimi güclü sürücü yarışır. Danielə dedik ki, özünü çox çətinə salma və Qətərdəki hava şəraiti onun üçün çox çətin ola bilərdi. Buna görə də Ostin yarışına qədər ongünlük fasilə Daniel üçün yaxşı olacaq”.
Kristian Horner düşünür ki, Liam Louson özünü isbatlayıb: “Məncə, əla işlədi. Boliddə vaxt keçirməsə də, özünü yaxşı tərəfdən göstərə bildi. Gördüyü işlə hamımızın diqqətini cəlb etdi. Qətər onun Formula1-dəki son yarışı olmayacaq. Bu beş yarışda göstərdiyi performansla gələcəkdə yarışmaq fürsəti olacaq”.