K.Horner: “Mercedes gələn il də sürətli olacaq”

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, 2017-ci ildəki yeni qaydalara baxmayaraq, Mercedes yenə də ən böyük favorit olacaq.

F-1.az xatırladır ki, gələn il texniki reqlamentdə dəyişikliklər olacaq və aerodinamika ön plana çıxacaq. Son 3 mövsümdə hegemonluq edən Mercedes-in aerodinamikanın ön plana çıxacağı dövrdə nə edəcəyi hamıya maraqlıdır. Aerodinamikanın üstün rol oynayacağı dövrdə Red Bull komandasının rəqiblərindən daha güclü olacağı gözlənilsə də, Mercedes-in də çempionluq uğrunda mübarizə aparacağı sirr deyil…

Kristian Horner: “Mercedes-i məğlub etmək çətin olacaq. Gələn il açıq-aşkar favorit olacaqlar. Ard-arda 3 çempionluq və 51 yarış qazandılar. Amma biz yeni qaydalars görə ümidliyik. Şassi və mühərrik arasında bir balans olacaq. Əminəm ki, qışda mühərrik də inkişaf edəcək. Bundan başqa, qaydalar hamı üçün təmiz bir səhifə olacaq. Hazırda rəqiblərimizə nisbətən harada olduğumuzu bilmirik. Bu bir fürsətdir və mübarizə aparmaq üçün səbirsizlənirik. Amma biz harada olduğumuzu Melburnda biləcəyik.

Mercedes gələn mövsümə favorit kimi başlayacaq. Biz çalışacayıq ki, fərqi bağlayaq və nəticələri əvvəldən proqnozlaşdırmaq mümkün olmasın”.

Horner düşünür ki, Mercedes yenə öndə olacaq. Amma rəqiblər onlara yaxınlaşsa, vəziyyət dəyişə bilər: “Mercedes 2014-cü ildən bəri əla vəziyyətdə idi. Mübarizə yox idi. Sıralanmada ilk cərgəni tuturdular. Amma startdakı düzülüş dəyişsə, onda təzyiqə düşə bilərlər.

Biz 2010 və 2012-ci illərdə mübarizə edərək çempion olduq. Bu cür vəziyyət olsa, daha təcrübəli olacayıq. Amma bu hal Mercedes üçün yeni təcrübə olacaq və bir nöqtədə bu vəziyyətlə üzləşəcəklər. Ümid edirəm ki, Red Bull onları təzyiq altına salar”.

Horner əlavə edib ki, inkişaf yarışı gələn il daha sərt keçəcək: “Gələn il inkişaf yarışı olacaq. Xüsusən də, mövsümün ilk yarısında bu yarış dönüş nöqtəsi olacaq. Ümid edirəm ki, rəqiblərimizdən biri 2009-cu ildəki kimi ikiqat diffuzor tapmayıb. O vaxt bəziləri qaydalardakı boşluqdan istifadə edərək, üstünlük qazanmışdılar.

Qayda dəyişiklikləri 2009-cu ildəki kimi dramatik olmayacaq, amma bolidləri sürətləndirmək üçün böyük fürsət olacaq. Təkərlərin yeni ölçüsü ilə birlikdə fərqli bir mübarizə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*