F-1.az xəbər verir ki, Red Bull-un rəhbəri bazar günü yarışdan sonra bildirib ki, komanda öz sürücüsünə dəstək verməlidir.
Kristian Horner: “Serxioya güvənini qaytarmaq üçün yaxşı bir həftə sonu lazımdır. O, üç çətin yarış, üç uğursuz şənbə günü keçirdi. Ondan sonra bazar günü itiriləni geri qaytarmaq çətin oldu. Halbuki, cəmi bir-iki ay əvvəl Serxionun nəyə qadir olduğunu görmüşük. Dediyim kimi, özünə inamı bərpa etmək üçün ona güclü həftəsonu lazımdır. Çekonun qayıdacağına şübhəm yoxdur”.
Serxionun komandadakı yerini itirib-itirməyəcəyi ilə bağlı suala Kristian Horner belə cavab verib: “O, sürücülər çempionatında ikinci yerdədir və Maksdan başqa bu mövsüm iki yarışda qalib gələn yeganə sürücü olaraq qalır. Sadəcə, komanda Serxioya onun üçün bu çətin anda dəstək olmalıdır. Əminəm ki, tezliklə öz orijinal formasına qayıdacaq”.
Qeyd edək ki, meksikalı sürücü bu mövsüm Ciddə və Bakıdakı yarışlarda qalib gəlib, podiuma isə 4 dəfə yüksəlib. Lakin onun çempionatdakı ikinci yeri təhlükədədir -Fernando Alonso xal fərqini 9-a qədər endirib…