F-1.az xatırladır ki, Red Bull komandası Renault mühərriklərinin zəifliyindən şikayətlənir və hazırda Ferrari ilə Mercedes AMG-dən sonra peletonda ən sürətli üçüncü komandadır. Amma Horner Renault-nun gətirəcəyi ilk yeniliklərə güvənir.
Kristian Horner: “Mühərriklə bağlı yeniliklər gəlsə, ümid edirik ki, rəqiblərimizdən çoxlu xallar oğurlayacağıq”.
Horner Renault-nun yeniliklərinə güvənsə də, mühərriyin əsl performansını tras üzərində görmək istəyir. Xatırladaq ki, keçən ilin sonunda Renault yeniliklər gətirmişdi, amma bu istənilən effekti verməmişdi.
Kristian Horner: “Gözləyək görək. Kağızlara baxmaq asandır, amma saniyə ölçənlər bizi heç vaxt aldatmır. Renault zavodunda yaxşı işlər görürlər və biz onların inkişafını hiss edirik”.
Horner bildirib ki, mühərrikdə yeniliklər olmasa da, düzlük sürəti olmayan traslarda asfalta yatma qüvvəsinin hesabına rəqibləri təəccübləndirə bilərlər: “Uzun düzlük olmayan traslarda bolidi ideal sazlanmalarla trasa çıxara bilərik.
Bizə uyğun olan bəzi traslar var, ancaq Çində Williams-a, ya da Ferrari-yə qarşı rəqabətədavamlı olmağı gözləmirdik. Buna baxmayaraq, sıralanma turunda ilk cərgəni tutduq və yarışın sonunda podium qazandıq”.