FİA-nın prezidenti Jan Todt Berni Ekklstounla qarşıdurmadan imtina edir – fransalı mütəxəssis Formula1-in kommersiya başçısı tərəfindən yağdırılan tənqid atəşini cavabsız qoymağı qərara alıb.
Berni kəskin tərzdə bildirmişdi ki, “Todt Maksın ucuz versiyası kimi görünür…” Financial Times qəzetinə müsahibəsində Todt bildirib ki, belə bir polemika konstruktiv deyil…
Jan Todt: “Belə replikalara kəskin cavab vermək vacib deyil. Qarşıdurma məqsədə çatmağa mane olur və yalnız vaxt israfına səbəb olur, mən məsələyə sakit və konstruktiv yanaşmaya üstünlük verirəm.
Mən istəyirəm ki, hamı başa düsün ki, Berni Formula1-in kommersiya hüququnu əldə etdikdən sonra çox şey dəyişib. Məsələn, on beş il əvvəl bizim belə mürəkkəb elektronikamız yox idi – indi hamı evində oturub bu elektronikanın işini yayım zamanı görə bilir. Yeni texnologiyalar tətbiq olunur, istənilən inkişaf isə artıq məsrəfdir. Mən FİA-nın layiqli maliyyələşməsini təmin etməliyəm, axı indi bizim xərclərimiz əvvəlkindən qat-qat çoxdur.
Mənim məqsədim FİA-nın maraqlarını qorumaqdır, əgər bunu edə bilsəm, hamı qazanacaq. Formula1 federasiyasız yaşaya bilməz – biz həm komandalar üçün, həm də CVC-nin səhmdarları üçün ən yaxşı təminatıq.
Əgər CVC səhmlərini satmaq qərarına gəlsə, biz danışıqların gedişinə nəzarət edəcəyik. Formula1-in hüquqları CVC-yə veriləndə mən FİA-nın başçısı deyildim, CVC-də çox ağıllı adamlar toplaşıblar – onlar Berniyə müəyyən səlahiyyətlər veriblər və Berni öz işinin öhdəsindən əla gəlir. Amma bu iş bir adamın biznesi deyil, kinoda olduğu kimi – rejisordan başqa aktyorlar da lazımdır, məhz onlar tamaşaçını filmə baxmağa cəlb edirlər.
Mənim vəzifəm çempionatın gələcəyini təmin etməkdir, ona görə də biz məsrəf və gəlirlərin bölünməsini hərtərəfli müzakirə etməliyik.”