İvasa qələbə ilə çempionatda liderliyə yüksəlib

Bu gün Melburnda gənc sürücülərin Formula2 çempionatında mövsümün üçüncü mərhələsi əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, pouldan start alan DAMS komandasının sürücüsü Ayumu İvasa ilk döngəyədək liderliyini qoruyub. Onun arxasında olan sürücülər də mövqe itirməyiblər – Viktor Marten komanda yoldaşı Teo Purşeri qabaqlamaq istəsə də, fransalı sürücü onun hücumunu dəf edib.

Bundan sonra trasda vəziyyət stabilləşıb və hamı pit stop dalğasını gözləməyə başlayıb. Dalağaya Xuan Manuel Korrea start verib.

9-cu dövrədə Cək Duhən adaşı Kroufordu keçərkən amerikalı sürücü trasdan çıxaraq baryerlərə çırpılıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb.

Bir çox sürücü fürsətdən istifadə edərək məcburi pit stopa yollanıb. Ona görə də qarışıqlıqda Ayzek Həcər və Oliver Birman təmas yaşayıblar və Olli növbəti dövərədə deşilmiş təkərini dəyişməli olub.

14-cü dövrədən sonra yeni təkərlərə keçən sürücülər öndəki hələ pit stop etməyən sürücülərə çatıblar və ötmələr başlayıb.

Peletona isə son yarışın qalibi Frederik Vesti başçılıq edib. 21-ci dövrədə İvasa Kuş Mainini də keçərək 2-ci yerə yüksəlib.

Vesti isə TM gözlədiyi üçün boksa tələsməyib və nəhayət, 26-cı dövrədə Roy Nissaninin trasdan çıxması TM-in yarışı neytrallaşdırması ilə nəticələndi. Vesti dərhal boksa tələsib.

TM-in arxasında İvasa peletona başçılıq edib, onu arxadan Teo Purşer və Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer təqib ediblər.

Restart finişə 3 dövrə qalmış verilib – Marten Hauqeri divara göndərib və hər iki sürücü üçün mübarizə başa çatıb. 3-cü yerə isə Artur Lekler yüksəlib – onun qardaşı Şarl yarışı diqqətlə izləyib.

Sürücülər finiş xəttini elə bu ardıcıllıqla da keçiblər.

İvasa uğurlu həftəsonu sayəsində çempionatda liderliyi ələ alıb. Red Bull məktəbinin yetirməsinin aktivində 58 xal var. Teo Purşer ona 8 xal uduzur və Frederik Vestini 8 xal qabaqlayır.

Komandaların mübarizəsində DAMS 91 xalla liderliyə yüksəlib. ART Grand Prix 67 xalla ikinci, MP Motorsport isə 62 xalla üçüncüdür.

Növbəti dəfə gənc sürücülər bu ayın sonunda Bakıda bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*