F-1.az bildirir ki, italyanlar elə cümə günündən ümidləri doğruldublar – Lekler ilk iki məşq sessiyasında protokollara başçılıq edib, bu gün səhər baş tutan son məşqlərdə isə Fettel hamıdan sürətli olub. Nəticələrin çox sıx olması sıralanma turuna olan marağı da artırıb.
FİA sürücülərə Parabolikada trasdan çıxmamaqla bağlı xəbərdarlıq edib – maşının dörd təkəri trasdan kənara çıxarsa, həmin dövrəvi nəticənin ləğv ediləcəyi bildirilib.
Maks Ferstappen, Pyer Qasli və Lando Norrisin güc qurğusu dəyişdikləri üçün yer itirməklə cərimələnəcəkləri məlum idi, buna görə də adı çəkilən 3 sürücü üçün sıralanma turunun nəticələri əhəmiyyət kəsb etməyib.
Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər sıralanma turu boyunca düzlüklərdə hava boşluqlarından yararlanmağa çalışıblar.
İlk sessiyada Ferrari sürücüləri Medium, digər sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Sona4 dəqiqə qalmış qırmızı bayraqlar dalğalandırılıb – Peresin maşınında problem meydana gəlib və meksikalı sürücü Curva Grande-da dayanmalı olub. Maşının sürətlə təxliyə edilib və bir neçə dəqiqə sonra sessiya davam etdirilib. Ferstappen sonradan trasa çıxsa da, motorun güc itirdiyini bildirib və trasa qayıdıb. Leklerin 1:20.216-lıq nəticəsi ən yaxşı olub, Qrojan, Peres, Rassel, Kubitsa və Ferstappen mübarizəni dayandırıblar.
İkinci sessiyada bütün sürücülər Soft təkərlərlə boksları tərk ediblər. Bu dəfə Həmilton protokollara başçılıq edib – 1:19.464. Covinatsi, Maqnussen, Kvyat, Norris və Qasli üçüncü sessiyaya keçə bilməyiblər.
Son sessiyada da bütün sürücülər Soft təkərlərdən istifadə ediblər. Leklerin ilk cəhddəki nəticəsi 1:19.307 olub. Rəykkönen Parabolikada idarəetməni itirərək trasdan çıxıb və qəza edib. Mübarizə onun üçün başa çatıb. Son cəhddən əvvəlki dövrədə sürücülər üçüncü sektorda sürətlərini azaldıblar – hamı öndəki sürücünün hava boşluğundan istifadə etmək istədiyi üçün ən öndə getmək istəyən olmayıb. Nəticədə isə olduqca qəribə vəziyyət yaranıb və Leklerlə və Saynsdan başqa heç kim sürətli dövrə vurmaq üçün start xəttini vaxt bitməmişdən əvvəl keçə bilməyib. Stüardların bu məsələni araşdıracağı bildirilib.
Beləliklə, Şarl Lekler mövsümdə 4-cü poulunu əldə edib. Ona cüzi uduzan Həmilton ikinci, Bottas isə üçüncü olub. Fettel də ikinci cərgədən start almağa haqq qazanıb. Üçüncü cərgə isə bu gün yaxşı təsir bağışlayan Renault sürücüləri tərəfindən tutulub.
Top komandaların nəticələri bir-birinə yaxındır və sabah 17:10-dan etibarən bizi “Sürətin Məbədi” adlanan əfsanəvi trasda gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:20.126 | 7 | 2 | 1:19.553 | 5 | 1:19.307 | 6 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:20.272 | 4 | 1 | 1:19.464 | 6 | 1:19.346 | 6 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:20.156 | 5 | 5 | 1:20.018 | 6 | 1:19.354 | 6 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 6 | 1:20.378 | 7 | 3 | 1:19.715 | 5 | 1:19.457 | 5 |
5 | 3 | Daniel Rikkardo | Renault | 5 | 1:20.374 | 3 | 4 | 1:19.833 | 5 | 1:19.839 | 5 |
6 | 27 | Niko Hülkenberq | Renault | 2 | 1:20.155 | 3 | 8 | 1:20.275 | 6 | 1:20.049 | 5 |
7 | 55 | Karlos Sayns | McLaren | 8 | 1:20.413 | 8 | 7 | 1:20.202 | 6 | 1:20.455 | 6 |
8 | 23 | Aleksander Elbon | Red Bull | 7 | 1:20.382 | 5 | 6 | 1:20.021 | 6 | – | 4 |
9 | 18 | Ləns Stroll | Racing Point | 12 | 1:20.643 | 9 | 9 | 1:20.498 | 8 | – | 2 |
10 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 11 | 1:20.634 | 9 | 10 | 1:20.515 | 5 | – | 2 |
11 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 14 | 1:20.657 | 9 | 11 | 1:20.517 | 6 | ||
12 | 20 | Kevin Maqnussen | Haas | 10 | 1:20.616 | 8 | 12 | 1:20.615 | 6 | ||
13 | 27 | Daniil Kvyat | Toro Rosso | 15 | 1:20.723 | 9 | 13 | 1:20.630 | 8 | ||
14 | 4 | Lando Norris | McLaren | 13 | 1:20.646 | 9 | 14 | 1:21.068 | 6 | ||
15 | 10 | Pyer Qasli | Toro Rosso | 9 | 1:20.508 | 9 | 15 | 1:21.125 | 6 | ||
16 | 8 | Roman Qrojan | Haas | 16 | 1:20.784 | 8 | |||||
17 | 11 | Serxio Peres | Racing Point | 17 | 1:21.291 | 6 | |||||
18 | 63 | Corc Rassell | Williams | 18 | 1:21.800 | 8 | |||||
19 | 88 | Robert Kubitsa | Williams | 19 | 1:22.356 | 9 | |||||
20 | 33 | Maks Ferstappen | Red Bull | 20 | – | 3 |