İtaliya Qran Prisinin təşkilatçıları Rettifilio şikanasını yığışdıraraq və Curva Grande döngəsini dəyişərək trasın konfiqurasiyasını yeniləməyi planlaşdırırdılar. Lakin Montsadakı tarixi parkın mühafizəçiləri ilə razılığa gəlmək mümkün olmayıb. Buna görə də, trasda keçənilki ilə müqayisədə, yalnız təhlükəsizlik tədbirlərində dəyişikliklər var.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, əsas düzlüyün asfalt örtüyü dəyişdirilib. 4-cü, 8-ci və 11-ci döngələrdə TecPro baryerlər quraşdırılıb. 6-cı, 7-ci və 10-cu döngələrdəki baryerlərdə də dəyişikliklər edilib.
DRS zonaları əvvəlki kimi qalıb. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 7-ci döngəyə 95 metr qalmış, aktivasiya nöqtəsi isə həmin döngədən sonrakı düzlükdə yerləşir.
İkinci ötmə zonasının ölçmə nöqtəsi Parabolikaya 20 metr qalmış, aktivasiya nöqtəsi isə finiş cizgisindən 115 metr sonra yerləşir.