F-1.az bildirir ki, sıralanma turunun birinci sessiyasında sürücülər trasa yağış təkərləri ilə yollanıblar. Trasın bəzi hissələrində, xüsusilə də, birinci şikananın qarşısında böyük gölməçə yaranıb, Bottas, Kvyat, Qrojan, Peres, Hülkenberq, Palmer və Eriksson burada səhvə yol veriblər. Həmilton ilk cəhddə hamıdan sürətli olub – 1:40.128.
Qrojan sessiyanın başlanmasından 4-5 dəqiqə sonra start düzlüyündə ciddi səhvə yol verib və qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb və sürücülər boksa qayıdıblar. Onun maşınının təxliyə olunmasından sonra Təhlükəsizlik Maşını trasın vəziyyətini yoxlamaq üçün trasa göndərilib. Sessiyanın başlanması əvvəlcə 15 dəqiqə təxirə salınıb. Lakin təxirəsalmalar bununla bitməyib və eyni vəziyyət dəfələrlə təkrarlanıb. Nəticədə, yerli vaxtla 14:14-də dayandırılan sessiyaya 16:40-da restart verilib.
Yağış müəyyən qədər zəifləyib, asfaltdakı su xüsusi texnika vasitəsi ilə kənara atılıb. Sürücülər yenə də yağış təkərləri ilə çıxıblar. Həmilton yenə hamıdan sürətli olub – 1:36.009. Keçid təkərləri yoxlayan ilk sürücü Alonso olub. Sonra isə digər sürücülər də eyni addımı atıblar. Bottas komanda yoldaşını üstələyib – 1:35.716. Maqnussen, Palmer, Eriksson, Verlyayn və Qrojan mübarizəni dayandırıblar.
İkinci sessiyada Ferstappen, Sayns, Kvyat, Hülkenberq, Peres və Okon yağış, digər sürücülər isə keçid təkərlərlə trasa çıxıblar. Yağış yenə də vəziyyəti çətinləşdirib. Vandorn sonuncu döngədə səhvə yol versə də, maşını ram edə bilib. Ferstappen, Həmilton və Fettel növbə ilə ən yaxşı nəticəni göstərsələr də, Lyuis sonda yenə öz sözünü deyib – 1:34.660. Mübarizəni dayandıran sürücülər isə Peres, Hülkenberq, Alonso, Kvyat, Sayns olub.
Son sessiyaya Həmilton, Bottas və Fettel keçid təkərlərlə başlayıblar, lakin yağış güclənib və onlar yağış təkərlərinə keçməli olublar. Poul uğrunda gərgin mübarizəyə Red Bull sürücüləri də qoşulublar. Ferstappen ilk sırada olsa da, Həmilton son dövrəsində onu üstələyə bilib – 1:35.554.
Lyuis Həmilton ümumilikdə 3 saat davam edən sıralanma turunun qalibi olub və mövsümdə 8-ci, karyerasında isə 69-cu poulunu qazanıb. Beləliklə, o, Mixael Şumaxeri keçib və ən çox poul qazanan sürücü olub. Red Bull sürücüləri stratda yer itirəcəklərinə görə, Ləns Stroll yarışa ikinci yerdən başlayacaq. Kanadalı sürücü Formula1 tarixində yarışa ilk cərgədən başlayan ən gənc sürücü olacaq (18 il 10 ay 5 gün).
Yarışa ikinci cərgədən Okon və Bottas, üçüncü cərgədən isə əsas rəqiblərinə uduzan Ferrari sürücüləri başlayacaqlar. Sabah yarış Bakı vaxtı ilə 16:00-da başlayacaq və yağıntı gözlənilmir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:36.009 | 11 | 1 | 1:34.660 | 10 | 1:35.554 | 8 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 4 | 1:37.344 | 11 | 3 | 1:36.113 | 10 | 1:36.702 | 8 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 7 | 1:38.304 | 9 | 7 | 1:37.313 | 9 | 1:36.841 | 8 |
4 | 18 | Ləns Stroll | Williams | 5 | 1:37.653 | 10 | 5 | 1:37.002 | 9 | 1:37.032 | 8 |
5 | 31 | Esteban Okon | Force İndia | 11 | 1:38.775 | 11 | 10 | 1:37.580 | 10 | 1:37.719 | 8 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:35.716 | 12 | 2 | 1:35.396 | 10 | 1:37.833 | 7 |
7 | 7 | Kimi Rəykkönen | Ferrari | 6 | 1:38.235 | 12 | 6 | 1:37.031 | 10 | 1:37.987 | 8 |
8 | 5 | Sebastyan Fettel | Ferrari | 3 | 1:37.198 | 11 | 4 | 1:36.223 | 9 | 1:38.064 | 8 |
9 | 19 | Felipe Massa | Williams | 8 | 1:38.338 | 10 | 8 | 1:37.456 | 9 | 1:38.251 | 8 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 10 | 1:38.767 | 10 | 9 | 1:37.471 | 10 | 1:39.157 | 5 |
11 | 11 | Serxio Peres | Force İndia | 9 | 1:38.511 | 10 | 11 | 1:37.582 | 9 | ||
12 | 27 | Niko Hülkenberq | Renault | 14 | 1:39.242 | 11 | 12 | 1:38.059 | 9 | ||
13 | 14 | Fernando Alonso | McLaren | 12 | 1:39.134 | 7 | 13 | 1:38.202 | 4 | ||
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 13 | 1:39.183 | 11 | 14 | 1:38.245 | 10 | ||
15 | 55 | Karlos Sayns | Toro Rosso | 15 | 1:39.788 | 11 | 15 | 1:38.526 | 10 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:40.489 | 12 | |||||
17 | 30 | Colion Palmer | Renault | 17 | 1:40.646 | 10 | |||||
18 | 9 | Markus Eriksson | Sauber | 18 | 1:41.732 | 11 | |||||
19 | 94 | Paskal Verlyayn | Sauber | 19 | 1:41.875 | 9 | |||||
20 | 8 | Roman Qrojan | Haas | 20 | 1:43.355 | 3 |