Barselonada İspaniya Qran Prisinin keçirilməsi üzrə müqavilənin müddəti 2016-cı ildə başa çatır, amma Katalunya avtodromunun sahiblərinin maliyyə problemləri üzündən mərhələ dünya çempionatının təqvimində yerini itirə bilər. Keçən il trasın sahibləri bəzi yarışlardan imtina edərək bütün güclərini Formula1 və MotoGP mərhələlərinin keçirilməsinə yönəldiblər…
Katalunya Muxtar Vilayətinin prezidenti Artur Mas etiraf edib ki, “biz Formula1 mərhələsinin Barselonada keçirilməsini dəstəkləyirik, amma maliyyə çətinliklərimizin olmasını da deməliyik.”
Bu günlərdə Mas Katalunya avtodromuna baş çəkib, avtodromun başçısı Visens Aqilera ilə görüşüb, Fernando Alonso, Xayme Algersuari və Hispania komandasının nümayəndələri ilə söhbətləşib.
Xatırladaq ki, İspaniya Qran Prisi Barselona yaxınlığındakı trasda 1991-ci ildən keçirilir, 2009-cu ildə isə İspnaiya ikinci mərhələni – Valensiya şəhər trasında Avropa Qran Prisini alıb. Bundan başqa Malyorkada tikilməkdə olan yeni avtodrom da yarış keçirmək arzusunda olduğunu bildirib – deyilənlərə görə bu layihəni Berni Ekklstoun dəstəkləyir…