F-1.az xatırladır ki, iki gün əvvəl baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Həmilton hamıdan sürətli olublar. Lyuis dünənki son məşqlərdə də protokollara başçılıq edib. Britaniyalı sürücünün uğurlu çıxışı bununla da yekunlaşmayıb – komanda yoldaşını sıralanma turunda da üstələyib və cari mövsümdə dördüncü dəfə yarışa ən öndən başlamağa haqq qazanıb.
Koronavirus tsti müsbət çıxdığı üçün Silverstoundakı hər iki yarışı buraxmalı olan Serxio Peres geri qayıdıb – onun yerini iki yarışda dolduran Niko Hülkenberq maşını meksikalıya təhvil verib.
Pirelli Barselonaya sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Ötən həftə Silverstoundakı yarışda isti havada təkərlərin sürətlə aşınması komandaları diqqətləri buna yönəltməyə məcbur edib, məşqlərdə əsas diqqət təkərlərin səmərəliliyinin yoxlanılmasına yönəldilib.
Heç kimə cərimə tətbiq edilmədiyindən, start düzülüşü sıralanma turunun nəticələrinə uyğun olub. Həmilton və Bottas birinci, Ferstappen və Peres ikinci, Stroll və Elbon isə üçüncü cərgədən yarışa başlayıblar. Dördüncü cərgə isə McLaren sürücülərinin olub.
Fettel, Rikkardo, Rəykkönen, Okon, Qrojan, Latifi və Covinatsi orta, qalan sürücülər isə yumşaq təkərlərlə start alıblar.
Start maraqlı alınıb – Həmilton yerini qoruyub, Ferstappen və Stroll Bottası geridə qoyublar. Qasli və Maqnussen 2 yer qazanıblar. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Stroll – Bottas – Peres – Elbon – Sayns – Qasli – Lekler – Norris.
Bottas 5-ci dövrədə Strolldan mövqeyini geri alıb. Sürücülər arasında məsafələr az olsa da, trasın quruluşu ötmələrə çox da imkan verməyib. Elbon 18-ci dövrədə Hard təkərlərə keçərək ilk pit-stop edən sürücü olub. Red Bull sürücüləri üçün fərqli strategiyalardan istifadə etmək qərarına gəlib, lakin başqa heç kim ən sərt təkərləri seçməyib.
Rassell 20-ci dövrədə pit-stop edib Okon və Elbon Rəykköneni ötüblər, Kimi dərhal təkərlərini dəyişməyə yollanıb. Aşınmadan şikayət edən Ferstappen 22-ci dövrədə Medium-a keçib. Eyni dövrədə Qasli, Norris, Kvyat, Covinatsi, bir dövrə sonra Sayns, iki dövrə sonra isə hər iki Mercedes sürücüsü pit-stop ediblər.
Sayns 29-cu dövrədə Elbonla mübarizədən qalib ayrılıb və önə keçib. 30-cu dövrədə isə Latifi, Peres, Lekler və Fettel də təkərlərini dəyişiblər. Peres Saynsı üstələyərək 6-cı yerı yüksəlib. Renault sürücüləri nəhayət, 36-ci dövrədə pit-stop ediblər.
38-ci dövrədə Lekler yerində fırlanıb və yolda dayanıb. Motor qəfildən sönüb. Monakolu sürücü artıq yarışın onun üçün başa çatdığını düşünərək kəmərlərini açıb, lakin sonra motoru işə salmağa nail olub. Pit yoluna gəlib, lakin komanda elektrik sistemlərindəki problemə görə onun mübarizədən çəkilməsinə qərar verib.
Elbon ikinci pit-stop dalğasına da start verən sürücü olub. 41-ci dövrədə isə Ferstappen yenidən Medium təkər seçib. 42-ci dövrədə Sayns, 43-cü dövrədə Stroll və Qasli, 46-cı dövrədə Norris və Rəykkönen, 47-ci dövrədə Kvyat və Covinatsi, 49-cu dövrədə isə Bottas pit-stop edib.
Valtteri Maksın arxasında trasa qayıdıb, lakin daha təzə təkərlərə sahib olmasına baxmayaraq, fərqi qapada bilməyib. 51-ci dövrədə pitə yollanan Həmilton liderliyini qoruyub. Peres və Kvyat mavi bayraqlara məhəl qoymadıqları üçün 5 saniyə vaxt cəzası alıblar. 55-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Peres – Fettel – Stroll – Sayns – Elbon – Qasli – Norris.
Stroll 57-ci dövrədə təkərləri xeyli köhnəlmiş Fetteli ötüb. Alman sürücü 3 dövrə sonra da Saynsa keçilib. Rəykkönen ardıcıl ötmələrlə 14-cü pilləyə yüksəlib. Bottas 65-ci dövrədə mövqeyini itirmədən təkərlərini dəyişib və ən sonda sürətli dövrəni vuraraq aktivinə əlavə bir xal yazdırmağa nail olub.
Lyuis Həmilton mövsümdə dördüncü, karyerasında 88-ci qələbəsini bayram edib. O, həm də ən çox podiuma çıxmaq rekordunu Mixael Şumaxeri geridə qoyaraq təkbaşına ələ keçirib. Maks Ferstappen ardıcıl 4-cü dəfə yarışı ilk ikilikdə başa vurmağa nail olub. Valtteri Bottas isə podiumun son pilləsini tutub.
Beləliklə, mövsümün ikinci üç yarışlıq seriyası başa çatıb. İştirakçılar bir həftə dincəldikdən sonra əfsanəvi Spaya yola düşəcəklər…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:31:45.279 | 2 |
2 | 33 | Maks Ferstappen | Red Bull | + 0:24.177 | 2 |
3 | 77 | Valtteri Bottas | Mercedes | + 0:44.752 | 3 |
4 | 18 | Ləns Stroll | Racing Point | +1 dövrə | 2 |
5 | 11 | Serxio Peres* | Racing Point | +1 dövrə | 1 |
6 | 55 | Karlos Sayns | McLaren | +1 dövrə | 2 |
7 | 5 | Sebastyan Fettel | Ferrari | +1 dövrə | 1 |
8 | 23 | Aleksander Elbon | Red Bull | +1 dövrə | 2 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | +1 dövrə | 2 |
10 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 2 |
11 | 3 | Daniel Rikkardo | Renault | +1 dövrə | 1 |
12 | 26 | Daniil Kvyat* | AlphaTauri | +1 dövrə | 2 |
13 | 31 | Esteban Okon | Renault | +1 dövrə | 1 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 2 |
15 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 2 |
17 | 63 | Corc Rassell | Williams | +1 dövrə | 2 |
18 | 6 | Nikolas Latifi | Williams | +2 dövrə | 2 |
19 | 8 | Roman Qrojan | Haas | +2 dövrə | 2 |
* – Sayns və Kvyatın nəticələrinin üzərinə mavi bayraqlara məhəl qoymadıqları üçün 5 saniyə əlavə edilib.
Sürətli Dövrə: Valtteri Bottas (Mercedes) 1:18.183 (66-cı dövrə, 214,343 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Şarl Lekler | Ferrari | 38 | elektrik sistemi |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 132 | |
2 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 95 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 89 | |
4 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 45 | |
5 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 40 | |
6 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 40 | |
7 | 4 | Lando Norris | McLaren F1 Team | 39 | |
8 | 11 | Serxio Peres | BWT Racing Point F1 Team | 32 | |
9 | 55 | Karlos Sayns | McLaren F1 Team | 23 | |
10 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 20 | |
11 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 16 | |
12 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 16 | |
13 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 14 | |
14 | 27 | Niko Hülkenberq | BWT Racing Point F1 Team | 6 | |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 2 | |
16 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 2 | |
17 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 221 |
2 | Aston Martin Red Bull Racing | Honda | 135 |
3 | BWT Racing Point F1 Team | Mercedes | 63 |
4 | McLaren F1 Team | Renault | 62 |
5 | Scuderia Ferrari | Ferrari | 61 |
6 | Renault DP World F1 Team | Renault | 36 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 16 |
8 | Alfa Romeo Racing | Ferrari | 2 |
8 | Haas F1 Team | Ferrari | 1 |