İspaniya-2017: Yarış

Komandalar ilk Avropa yarışına gətirdikləri yeniliklərdən çox şey gözləyirdilər, lakin dünənki təsnifat mərhələsi göstərdi ki, güc nisbətləri dəyişməyib. Dünən poul uğrunda Mercedes AMG və Ferrari sürücüləri arasında gərgin mübarizə getmişdi. İlk iki cərgəni bu komandaların sürücüləri zəbt etmişdilər, Red Bull sürücüləri isə 5-ci və 6-cı olmuşdular.

F-1.az xatırladır ki, Mercedes güc qurğusunun yeni versiyasını hazırlayıb və Barselonada yeni versiya müştəri komandalara verilməyib. Bottasın maşınına qoyulmuş yeni mühərrikdə problem aşkarlandığından, başqa yeni mühərriklə əvəzlənmiş, lakin bu dəfə də problem yarandığından, finlandiyalı dünən ilk dörd yarışda istifadə etdiyi köhnə motora qayıtmalı olmuşdu.

Sıralanma turunda fərqlər az olub. Ən böyük sürprizə isə Fernando Alonso imza atıb və yeddinci yeri tutub. Onun komanda yoldaşı Vandorn isə yalnız 19-cu ola bilib.

FİA şənbə günü start düzlüyündəki DRS zonasının 100 metr uzadıldığını elan etmişdi. Bu da ötmələrin çox olmasına kömək etməli idi. Barselonada son 20 ildə keçirilən yarışda yalnız dörd dəfə pouldan start almayan sürücü qələbə qazanıb. Son 10 ildə isə 10 fərqli sürücü qalib gəlib.

Bu gün səhər Vandorn güc qurğusundakı dəyişikliklərə görə yarışa sonuncu yerdən başlamalı olub. Pirelli Barselonaya mövsümdə ilk dəfə sərt üçlüyü – Hard, Medium və Soft tərkibləri gətirib. Hard təkərlərdən yalnız məşqlərdə və çox az istifadə edilib. Medium və Soft təkərlər arasındakı fərq yarım saniyə olub. Yarışa Palmer, Kvyat və Vandorn Medium, qalan sürücülər isə Soft təkərlərlə başlayıblar.

Startda Fettel Həmiltonu qabaqlayıb və liderliyi ələ keçirib. Rəykkönenin Bottasla təmasdan sonra Ferstappenə çırpılması hər iki sürücünün yarışı dayandırması ilə nəticələnib, Bottas isə yoluna davam edib. Massa Alonsonun trasdan çıxaraq xeyli mövqe itirməsinə səbəb olub, lakin braziliyalı sürücü də təkərin deşilməsinə görə erkən pit-stop edib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rikkardo – Peres – Okon – Hülkenberq – Maqnussen – Sayns – Qrojan.

Fettel Həmiltonla fərqi dərhal artıraraq 2.5 saniyəyə çatdırıb. Yarışın 13-cü dövrəsində McLaren sürücüləri və Stroll, 14-cü dövrəsində Maqnussen və Sayns, 15-ci dövrəsində isə Fettel və Massa pit-stop ediblər. Fettel Rikkardonun arxasına düşsə də, vaxt itirmədən onu keçib və ardıcıl sürətli dövrələr vurmağa başlayıb. Növbəti dövrələrdə təkər dəyişən sürücülər isə Hülkenberq, Okon, Peres və Eriksson olublar. Force İndia mexanikəri meksikalı sürücünü təkər dəyişərkən bir qədər ləngidiblər.

Həmilton 21-ci, Rikkardo isə 22-ci dövrədə pit yoluna yönəliblər – hər iki sürücü trasa Medium təkərlərlə qayıdıb. Fettel Bottasa çatıb və dərhal onu ötmək üçün cəhdlər edib. Lakin əla müdafiə olunan Bottas mövqeyini qoruyub. Daha dəqiq desək, Fetteli xeyli ləngidib və Həmilton alman sürücüylə arasındakı fərqi xeyli azalda bilib. Fettel yalnız 25-ci dövrədə Bottası keçməyə nail olub. Valtteri komanda yoldaşını ləngitməyib və növbəti dövrədə onu irəli buraxıb. Finlandiyalı sürücü 27-ci dövrədə pit-stopa yollanıb və Medium təkərlərə keçib. Soft təkərlərdə olan Fettelin dövrələri Həmiltondan daha sürətli olub.

Massa 14-cü yerdə yarışı davam etdirən Vandornu keçməyə çalışarkən maşınlar toqquşub, trasdan çıxan belçikalı sürücünün maşınının asılqanı qırılıb və yarışı dayandırmalı olub. Lakin insidentin günahkarı elə Vandornun özü göstərilib – McLaren-in pilotu Monakodakı növbəti yarışın startında üç yer itirməli olacaq. Ona həm də 2 cərimə balı yazılıb. İnsidentdən sonra Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və bir çox sürücü fürsətdən istifadə edərək pit-stopa yollanıb. 36-cı dövrədən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rikkardo – Peres – Okon – Hülkenberq – Verlyayn – Sayns – Maqnussen.

Həmilton 36-cı dövrədə yenidən pitə gəlib və Soft təkərlərə keçib. Trasa Fetteldən 23 saniyə arxada ikinci qayıdan Lyuis tempini artırıb. Ferrari də Mercedes AMG-nin bu həmləsinə Fetteli növbəti dövrədə pit-stopa çağıraraq cavab verib. Alman sürücü Medium təkərlərə keçib və trasa Həmiltonun bir qədər önündə qayıdıb. Elə ilk döngədəcə Lyuis hücum etsə də, Fettel irəlidəki mövqeyini qoruya bilib.

Yarışın 39-cu dövrəsində motoru partlayan Bottas yarışı dayandırıb. Güc qurğusu ardıcıl beş yarışa tab gətirməyib. Həmilton öz növbəsində Fettellə fərqi azaldıb və 43-cü dövrədə həm daha yumşaq təkərlərin, həm də DRS-in köməyi ilə Sebastyanı arxada qoymağı bacarıb. Ferrari sürücüsü yarışdan sonra “heç bir şansım yox idi” deyib. Yarışı yeddinci yerdə davam etdirən Verlyayna pit yolununun girişdəki qayda pozuntusuna görə 5 saniyəlik cəza verilib. 45-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Rikkardo – Peres – Okon – Hülkenberq – Verlyayn – Sayns – Maqnussen – Kvyat.

Yarışın 60-cı dövrəsində Alonso əvvəlcə Massanı, sonra isə onun komanda yoldaşı Strollu qabaqlayaraq 13-cü yerə yüksəlib. Həmilton Fetteldən bir qədər uzaqlaşıb və vəziyyətə nəzarət etməyə başlayıb. Kvyat 9-cu yer uğrunda Maqnussenə hücum edərək keçib, danimarkalı sürücünün əks hücumu zamanı maşınlar toqquşub və Kevin təkəri deşildiyi üçün pit-stopa yollanmalı olub.

Lyuis Həmilton mövsümdə 2-ci, karyerasında isə 55-ci qələbəsini qazanıb. Britaniyalı həm də het-trik edib – pouldan başlayıb, qələbə qazanıb və sürətli dövrəyə imza atıb. Fettel ikinci olub və çempionatdakı liderliyini qoruyub. Rikkardo isə üçüncü yeri tutaraq mövsümdə ilk dəfə podiuma yüksəlib. Force İndia sürücüləri 4-cü və 5-ci olublar və komanda ardıcıl beşinci yarışda da hər iki sürücüsü ilə xal qazana bilib. Fernando bu il ilk dəfə finişə çata bilib.

Mübarizə iki həftə sonra Monakonun dar küçələrində davam edəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:35.56.497 2
2 5 Sebastyan Fettel Ferrari + 0:03.490 2
3 3 Daniel Rikkardo Red Bull + 1:15.820 2
4 11 Serxio Peres Force İndia +1 dövrə 2
5 31 Esteban Okon Force İndia +1 dövrə 2
6 27 Niko Hülkenberq Renault +1 dövrə 2
7 55 Karlos Sayns Toro Rosso +1 dövrə 2
8 94 Paskal Verlyayn* Sauber +1 dövrə 1
9 26 Daniil Kvyat Toro Rosso +1 dövrə 2
10 8 Roman Qrojan Haas +1 dövrə 2
11 9 Markus Eriksson Sauber +2 dövrə 2
12 14 Fernando Alonso McLaren +2 dövrə 3
13 19 Felipe Massa Williams +2 dövrə 3
14 20 Kevin Maqnussen Haas +2 dövrə 3
15 30 Colion Palmer Renault +2 dövrə 3
16 18 Ləns Stroll Williams +2 dövrə 2

* – Pit yolununun girişində yol verdiyi qayda pozuntusuna görə Verlyaynın nəticəsinin üzərinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:23.593 (64-cü dövrə, 200.471 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Valtteri Bottas Mercedes AMG 39 motor
Stoffel Vandorn McLaren 33 asılqan
Kimi Rəykkönen Ferrari 1 asılqan
Maks Ferstappen Red Bull 1 asılqan

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 104
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 98
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 63
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 49
5 3 Daniel Rikkardo Red Bull Racing 37
6 33 Maks Ferstappen Red Bull Racing 35
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 34
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 19
9 19 Felipe Massa Williams Martini Racing 18
10 55 Karlos Sayns Scuderia Toro Rosso 17
11 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 14
12 8 Roman Qrojan Haas F1 Team 5
13 94 Paskal Verlyayn Sauber F1 Team 4
14 20 Kevin Maqnussen Haas F1 Team 4
15 26 Daniil Kvyat Scuderia Toro Rosso 4

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 161
2 Scuderia Ferrari Ferrari 153
3 Red Bull Racing TAG Heuer 72
4 Sahara Force İndia F1 Team Mercedes 53
5 Scuderia Toro Rosso Renault 21
6 Williams Martini Racing Mercedes 18
7 Renault Sport Formula 1 Team Renault 14
8 Haas F1 Team Ferrari 9
9 Sauber F1 Team Ferrari 4
, , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*