İspaniya-2017: Sıralanma turu

Mövsümün Avropadakı ilk yarışına komandalar bir çox yeniliklərlə gəliblər. Sıralanma turu qüvvələr nisbətini daha aydın görməyə imkan verib.

Mercedes AMG aerodinamikanı təkmilləşdirib və güc qurğusunun yeni versiyasını hazırlayıb. Lakin yeni versiya Mercedes motorlarından istifadə edən digər komandalara hələ verilməyib. Dünən Valtteri Bottasın maşınına qoyulmuş yeni motorda problemlər aşkarlanıb. Bu gün finlandiyalı sürücü üçüncü güc qurğusuna keçib, lakin bu dəfə də soyutma sistemində problem aşkarlanıb və sürücü bugünkü məşqlərdə cəmi 8 dəqiqə işləyə bilib. Komanda məcbur olub ki, Valtterinin maşınına ilk dörd yarışda istifadə etdiyi motor yerləşdirilsin. Lyuis Həmilton yeni mühərriklə işləyib. Komandadan inanırlar ki, onların arasında ciddi fərq yoxdur.

F-1.az xatırladır ki, dünən keçirilən birinciikinci sərbəst yürüşlərdə protokollara Həmilton başçılıq etmişdi. Bu gün baş tutan üçüncü sessiyada isə Ferrari Mercedes AMG-ni üstələmişdi və Rəykkönen birinci, Fettel isə ikinci olmuşdu. Qeyd edək ki, Fettelin maşınında da güc qurğusu bu gün iki dəfə dəyişdirilib. Hətta mexaniklər maşın üzərindəki çalışmalarını sıralanma turunun başlanmasına 10 dəqiqə qalmış başa çatdırıblar.

Baxmayaraq ki, Renault motor üzərində dəyişikliklər etməyib, Red Bull-un Barselonaya gətirdiyi yeniliklər yaxşı işləyib. Onlar Rusiyada Ferrari-yə 1 saniyə uduzurdularsa da, bu dəfə fərq xeyli az olub.

FİA yarışı daha baxımlı etmək məqsədi ilə bu gün səhər start düzlüyündəki DRS zonasının 100 metr uzadıldığını elan edib – bu, sabahkı yarışda ötmələrin artmasına kömək etməlidir. Komandaların tənqidlərindən sonra Pirelli təkərlərin minimal təzyiq göstəricisinin azaldılmasına qərar verib. Minimal təzyiqlər təxminən qış testlərindəki səviyyəyə endirilib və bu da sürüşmələrin azalmasına kömək edib.

Pirelli İspaniyaya mövsümdə ilk dəfə ən sərt üçlüyü – Hard, Medium və Soft təkərlərini gətirib. Medium və Soft təkərləri arasındakı sürət fərqi çox böyük – yarım saniyəyə bərabər olub. Hard təkərlər isə hətta Barselona trası üçün də həddən artıq sərt olub və komandalar onlardan yalnız məşqlərdə çox az istifadə ediblər.

Sıralanma turunun ilk sessiyasında heç bir sürücü təkərlərdə risk etməyib – hamı trasa Soft tərkiblə çıxıb. Qrojan 15-ci döngənin çıxışında yerində fırlanaraq sarı bayraqlara səbəb olub, lakin fransız sürücü çıxışını davam etdirə bilib. Fettel trasa çıxdıqdan sonra radiodan mexaniklərə motoru vaxtında dəyişdikləri üçün təşəkkür edib, lakin cavabında isə dərhal boksa qayıtmaq barədə tapşırıq alıb. Lakin bu dəfə bəxt alman sürücünün üzünə gülüb və vəziyyət tezliklə düzəldilib. O, 1:20.939-luq nəticə göstərib.

Həmilton Fetteli yarım saniyəyə yaxın üstələyib – 1:20.511. Bu nəticə ona protokollara başçılıq etməyə imkan verib və təkərlərə qənaət  üçün ikinci cəhddən imtina edib. Eriksson, Palmer, Stroll, Vandorn və Kvyat mübarizəni dayandıran sürücülər olublar.

Bottas ikinci sessiyadakı ilk dövrəsində səhvə yol verib. Həmilton 1:20.210-luq nəticə göstərib. Valtteri isə növbəti cəhdində ona yalnız 0.090 saniyə uduzub. Fettel isə Bottası çox cüzi fərqlə qabaqlayıb. Mercedes AMG, Ferrari və Red Bull sürücüləri ikinci cəhdlərindən imtina ediblər. Digər sürücülər isə ilk onluğa düşmək uğrunda mübarizəni davam etdiriblər. Qrojanın maşınının motoru güc itirib, lakin fransız sürücü dərhal pit yoluna yönəlib və sarı bayraqların çıxmasının qarşısını alaraq rəqiblərinə mane olmayıb. Fernando Alonso bu mövsüm ilk dəfə üçüncü sessiyaya keçə bilib. Mübarizəni dayandıranlar isə Maqnussen, Sayns, Hülkenberq, Qrojan və Verlyayn olub.

Son sessiyada Okon, Massa, Peres və Alonso ilk cəhdlərindən imtina ediblər. Bottas səhvə yol versə də, 1:19.390-luq nəticə göstərib, lakin tezliklə Həmilton onu üstələyib – 1:19.149. İkinci cəhddə Həmilton nəticəsini yaxşılaşdıra bilməyib. Bottas nəticəsini yaxşılaşdırsa da, Fettelin ikinci yeri tutmasına mane ola bilməyib. Həmilton burada Rubens Barrikellonun 2009-cu ildəki rekord nəticəsini üstələyib, lakin qış testlərində Rəykkönenin UltraSoft təkərlərlə göstərdiyi nəticəyə (1:18.634) çata bilməyib.

Həmilton sabahkı yarışa pouldan başlayacaq. Britaniyalı bu mövsüm üçüncü, karyerasında isə 64-cü poulunu əldə edib. Onun yanından Fettel start alacaq. İkinci cərgədə Bottas və Rəykkönen, üçüncü cərgədə isə Red Bull pilotları – Ferstappen və Rikkardo var. Mübarizə çox gərgin olacaq!

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:20.511 3 1 1:20.210 3 1:19.149 6
2 5 Sebastyan Fettel Ferrari 3 1:20.939 7 2 1:20.295 3 1:19.200 6
3 77 Valtteri Bottas Mercedes AMG 4 1:20.991 5 3 1:20.300 4 1:19.373 6
4 7 Kimi Rəykkönen Ferrari 2 1:20.742 5 4 1:20.621 3 1:19.439 6
5 33 Maks Ferstappen Red Bull 5 1:21.430 3 5 1:20.722 3 1:19.706 6
6 3 Daniel Rikkardo Red Bull 6 1:21.704 3 6 1:20.855 3 1:20.175 6
7 14 Fernando Alonso McLaren 12 1:22.015 6 10 1:21.251 6 1:21.048 3
8 11 Serxio Peres Force İndia 11 1:21.998 5 9 1:21.239 6 1:21.070 3
9 19 Felipe Massa Williams 14 1:22.138 6 8 1:21.222 6 1:21.232 3
10 31 Esteban Okon Force İndia 8 1:21.901 8 7 1:21.148 6 1:21.272 3
11 20 Kevin Maqnussen Haas 10 1:21.945 7 11 1:21.329 6
12 55 Karlos Sayns Toro Rosso 9 1:21.941 6 12 1:21.371 6
13 27 Niko Hülkenberq Renault 13 1:22.091 6 13 1:21.397 6
14 8 Roman Qrojan Haas 7 1:21.822 8 14 1:21.517 5
15 94 Paskal Verlyayn Sauber 15 1:22.327 9 15 1:21.803 6
16 9 Markus Eriksson Sauber 16 1:22.332 9
17 30 Colion Palmer Renault 17 1:22.401 6
18 18 Ləns Stroll Williams 18 1:22.411 7
19 2 Stoffel Vandorn McLaren 19 1:22.532 9
20 26 Daniil Kvyat Toro Rosso 20 1:22.746 6
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*