F-1.az xatırladır ki, reqlament dəyişikliyinə görə komandalar mövsümün ilk 5 yarışında istifadə edəcəkləri təkər dəstlərinin sayını seçməkdən azad olunublar. Mövsümdə sonuncu dəfə dəst seçimini Pirelli reallaşdırıb və hər bir sürücüyə İspaniyada 2 dəst Hard, 4 dəst Medium və 7 dəst Soft veriləcək. Ehtimal olunan strategiya yarışda iki pit-stopun keçirilməsidir…
Mario İzola: “Bu həftəsonu bizi özümüzün dəst seçimini təyin etdiyimiz son yarış gözləyir. İki həftədən sonra Monako yarışına dəst seçimini artıq sürücülərin özləri edəcəklər.
Barselona trasını bütün sürücülər yaxşı tanıyırlar. Komandalar maşının effektivliyini artırmaq üçün bu yarışa çoxlu yeniliklər hazırlayırlar, ona görə də təkərlərin yeyilməsi qış testlərindən fərqli olacaq. Həm də nəzərə almaq lazımdır ki, hava fevral ayında olduğundan isti olacaq. Məncə, təkərlərin sürətlə yeyilməsi yarışda iki pit-stoplu strategiyasının seçilməsi ilə nəticələnəcək”.