Haas komandası yalnız bir maşın üçün aerodinamik paket hazırlayıb və püşkatma nəticəsində paket Maqnussenə qismət olub. Renault komandasında Colion Palmeri komandanın ehtiyat sürücüsü Sergey Sirotkin əvəz edib – iki həftə əvvəl Soçidə Sergey ötürmələr qutusundakı problem üzündən məşq edə bilməmişdi, amma bu dəfə də hər şey qaydasında keçməyib: rusiyalı sürücü on dövrə vurduqdan sonra maşını mexaniklərə verib – bu dəfə motordan soyuducu maye sızıb.
Sistemlərin funksionallığını yoxlamaq üçün ilk dövrələri sürücülər Hard təkərlərlə vurublar, daha sonra yumşaq təkərlərlə keçiblər.
F-1.az bildirir ki, Alonso boksda uzun müddət ləngidikdən sonra doğma azarkeşlərin qarşısına çıxıb və elə ilk dövrəsindəcə Honda motoru sıx tüstü buludu buraxıb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, Fernando marşallara maşını təxliyə etməyə kömək edib – trasa motordan yağ dağılıb. Dünən ispaniyalı sürücü Honda motorlarının etibarlılığını ciddi tənqid eləmişdi və bu gün motor özü də sürücü ilə “razılaşıb”.
Məşqlərin sonunu gözləmədən Alonso avtodromu tərk edib və tennis oynamağa yollanıb, komanda isə ikinci məşqlərə qədər maşını bərpa etməyə çalışacaq.
Startdan 25 dəqiqə sonra trasda dayanan Fettelin Ferrari-si sarı bayraqların dalğalanmasına səbəb olub – sonuncu döngənin çıxışında ötürmələr qutusu ilə bağlı problemlər yaşanıb və alman sürücü boksa yönəlib. Qısa təmirdən sonra Sebastyan trasa qayıdıb.
Sessiyanın sonuna 8 dəqiqə qalmış Kevin Maqnussen dördüncü döngədə trasdan çıxaraq maşını tərk edib – Kevin çınqıllıqda qalmış maşını sürməyib ki, tək nüsxədə olan yeni altlığı zədələməsin. Yenə də VSC rejimi elan olunub.
Protokollara isə Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü keçənilki poulunu yarım saniyə yaxşılaşdırıb – 1:21.521. Williams sürücüləri hərəyə 34 dövrə vurublar.
Nahardan sonra məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:21.521 | – | 28 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:21.550 | + 0:00.029 | 30 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:22.456 | + 0:00.935 | 24 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:22.600 | + 0:01.079 | 23 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:22.706 | + 0:01.185 | 22 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:23.084 | + 0:01.563 | 17 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:23.670 | + 0:02.149 | 22 |
8 | 8 | Roman Qrojan | Haas | 1:23.758 | + 0:02.237 | 23 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:23.993 | + 0:02.472 | 24 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 1:24.004 | + 0:02.483 | 21 |
11 | 11 | Serxio Peres | Force İndia | 1:24.188 | + 0:02.667 | 23 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:24.324 | + 0:02.803 | 22 |
13 | 2 | Stoffel Vandorn | McLaren | 1:24.400 | + 0:02.879 | 24 |
14 | 19 | Felipe Massa | Williams | 1:24.618 | + 0:03.097 | 34 |
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:24.642 | + 0:03.121 | 18 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:24.966 | + 0:03.445 | 23 |
17 | 94 | Paskal Verlyayn | Sauber | 1:25.182 | + 0:03.661 | 24 |
18 | 18 | Ləns Stroll | Williams | 1:25.919 | + 0:04.398 | 34 |
19 | 46 | Sergey Sirotkin | Renault | 1:26.293 | + 0:04.772 | 10 |
20 | 14 | Fernando Alonso | McLaren | – | – | 1 |