F-1.az xatırladır ki, dünən birinci məşqlərin protokollarına Fettel başçılıq edib, dünən nahardan sonra və bu gün səhər isə Rosberq hamıdan sürətli olub – Mercedes AMG komandası rəqiblərindən sürətli olsa da, Ferrari ilə fərq elə də böyük olmayıb. Qüvvələr nisbətini sıralanma turu real qiymətləndirməli idi. Bir daha xatırladaq ki, Red Bull komandasının heyətində dəyişiklik edilib – Maks Ferstappen əsas komandaya, Daniil Kvyat isə törəmə komandaya keçiblər, bu sıralanma turu hər iki sürücü üçün yeni heyətdə birinci olub.
Adətən Barselonanın cod asfaltında ən bərk təkərlərdən istifadə olunur, bu il Pirelli hər yarışa 3 təkər tərkibi götirdiyi üçün ənənə bir qədər pozulub – təkərlərin yeyilməsinin yüksək səviyyədə olmasına baxmayaraq, komandalar Hard tərkiblər demək olar ki, heç işləməyiblər, əsas diqqətlərini Medium və Soft tərkiblərinə cəm ediblər. Soft sıralanma turu üçün əsas seçilib.
Birinci sessiyada Force İndia sürücüləri Hard tərkibi ilə bir dövrə vuraraq boksa qayıdıblar və Soft-la trasa qayıdıblar. Digər sürücülər elə əvvəldən Soft-u seçiblər. Rosberq protokollara başçılıq edib – 1:23.002. Manor və Sauber sürücüləri ilə birlikdə mübarizəni Palmer və gözlənilmədən Massa dayandırıb – braziliyalı sürücü ilk cəhdində trafikə düşüb, daha bir cəhdinə isə zaman qalmayıb.
İkinci sessiyada Həmilton trasa birinci çıxıb və həftəsonunun ən yaxşı nəticəsini göstərib – 1:22.159, Rosberq komanda yoldaşına 0.6 saniyə uduzub. Gözlənilmədən Ferstappen Fetteli üstələyərək üçüncü nəticə göstərib.
İlk dördlükdən başqa hamı ikinci cəhdinə çıxıb və yalnız Rəykkönen trasda olmayanların mübarizəsinə müdaxilə edib – Kimi yalnız komanda yoldaşını üstələyib. Fernando Alonso ev trasında son iki ildə ilk dəfə McLaren Honda komandasını son sessiyaya daşıyıb. Mübarizəni isə Hülkenberq, Batton, Kvyat, Qrojan, Maqnussen və Qutyerres dayandırıblar.
Son sessiyada beş sürücü ilk cəhdinə çıxıb – Həmilton yenə də trasa birinci çıxıb, amma 10-cu döngədə əylənmədə səhvə yol verib, təkərləri bloka salıb, ona görə də Rosberq protokollara başçılıq edib – 1:22.475. Ferstappen 0.7 saniyə uduzaraq ikinci nəticə göstərib.
Həlledici cəhdinə bütün sürücülər ardıcıl çıxıblar. Lyuis 1:22.000 nəticə göstərərək mövsümdə 3-cü, karyerasında 52-ci poulunu qazanıb. Niko Rosberq ikinci olmaqla Mercedes üçün yenə də tam ilk cərgəni təmin edib.
İkinci cərgəni isə Red Bull zəbt edib – Daniel Rikkardo son cəhdində Maks Ferstappeni üstələyə bilib. Üçüncü cərgəni isə Ferrari sürücüləri qazanıblar – Kimi Rəykkönen mövsümdə ikinci dəfə komanda yoldaşını üstələyib.
Sabah yarışın startı və gedişi maraqlı ola bilər!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:23.214 | 4 | 1 | 1:22.159 | 3 | 1:22.000 | 6 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1 | 1:23.002 | 3 | 2 | 1:22.759 | 3 | 1:22.280 | 6 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:23.749 | 3 | 5 | 1:23.585 | 6 | 1:22.680 | 3 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:23.578 | 3 | 3 | 1:23.178 | 3 | 1:23.087 | 6 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 5 | 1:23.796 | 3 | 4 | 1:23.504 | 5 | 1:23.113 | 6 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 6 | 1:24.124 | 3 | 6 | 1:23.688 | 3 | 1:23.334 | 6 |
7 | 77 | Valtteri Bottas | Williams | 7 | 1:24.251 | 3 | 8 | 1:24.023 | 6 | 1:23.522 | 3 |
8 | 55 | Karlos Sayns | Toro Rosso | 10 | 1:24.496 | 3 | 9 | 1:24.077 | 6 | 1:23.643 | 3 |
9 | 11 | Serxio Peres | Force İndia | 15 | 1:24.698 | 6 | 7 | 1:24.003 | 6 | 1:23.782 | 4 |
10 | 14 | Fernando Alonso | McLaren | 11 | 1:24.578 | 3 | 10 | 1:24.192 | 6 | 1:23.981 | 3 |
11 | 27 | Niko Hülkenberq | Force İndia | 9 | 1:24.463 | 7 | 11 | 1:24.203 | 6 | ||
12 | 22 | Censon Batton | McLaren | 12 | 1:24.583 | 6 | 12 | 1:24.348 | 6 | ||
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 14 | 1:24.696 | 5 | 13 | 1:24.445 | 6 | ||
14 | 8 | Roman Qrojan | Haas | 16 | 1:24.716 | 6 | 14 | 1:24.480 | 6 | ||
15 | 20 | Kevin Maqnussen | Renault | 13 | 1:24.669 | 6 | 15 | 1:24.625 | 6 | ||
16 | 21 | Esteban Qutyerres | Haas | 8 | 1:24.406 | 6 | 16 | 1:24.778 | 6 | ||
17 | 30 | Colion Palmer | Renault | 17 | 1:24.903 | 6 | |||||
18 | 19 | Felipe Massa | Williams | 18 | 1:24.941 | 4 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:25.202 | 8 | |||||
20 | 12 | Felipe Nasr | Sauber | 20 | 1:25.579 | 8 | |||||
21 | 94 | Paskal Verlyayn | Manor | 21 | 1:25.745 | 9 | |||||
22 | 88 | Rio Haryanto | Manor | 22 | 1:25.939 | 9 |