İnterlaqos ümidləri doğrultdu: ötmələrlə, qəzalarla, ağıllı strategiyalarla zəngin bir yarış alındı və ənənəyə sadiq qalaraq, beşinci dəfə ardıcıl olaraq dünya çempionunu müəyyən etdi. Bir il əvvəl olduğu kimi, yeni dünya çempionu ingilis oldu, hərçənd, yüz minlərlə azarkeş məhz braziliyalı sürücünün yarışda qələbə qazanmaqla titul şanslarını saxlaması ümidi ilə yarışı izləməyə toplaşmışdılar. Bəzi azarkeşlər hesab edirlər ki, avtodrom ümidləri doğrultduğu halda, Censon Batton ümidləri doğrultmayıb – Censon bir il əvvəl Lyuis Həmiltonun qazandığı beşinci yer üzündən podiumda belə yox idi. Çempionun yarışı isə həqiqətən ikili təəssürat yaradıb…
Bir tərəfdən, Censon hamıya “dişlərini” göstərdi, yəni hiyləgər strategiya və ya münasib şərait hesabına deyil, məhz öz gücünə peleton üzrə irəliləməklə beş rəqibini ötə bildi. O vəd etmişdi ki, yarışı aqresiv keçirəcək, xalları hesablamayacq və rəqiblərinə baxmayacaq, əlbəttə, o öz sözünün üstündə durdu. Şənbə günü sıralanma turundan sonra bir çoxları onu artıq nəzərə almırdılar və yarışda qələbəni çempionatda üstünlüklə birlikdə poul qazanmış Rubens Barrikelloya verirdilər, amma Censon bir daha sübut etdi ki, məsələ pressinqdə deyil, problem onun maşınındadır. Əgər Sebastyan Fettel finişdə ikinci, Rubens isə dördüncü yerdən aşağı yer tutsaydılar, Censon heç starta belə çıxmadan çempion olardı. Ona görə də, Censon öz vəzifəsini artıqlaması ilə yerinə yetirdi…
Digər tərəfdən, onun irəliləməsinə rəqibləri də çox kömək etdilər. Onlardan dördü – Trulli, Sutil, Rəykkönen və Alonso elə birinci dövrədəcə “oyundan kənar” vəziyyətə düşdülər. Rosberq imtina etmiş ötürmələr qutusu üzündən yarışın ortalarında dayandı, Barrikellonun maşınında isə yarışın sonlarında təkər deşildi. Censon öz yolu boyu beş ötmə etdi, amma bu ötmələr Nakacima istisna olmaqla debütanatlar üzərində idi – Algersuari, Qrojan, Kobayaşi və Buemi. Ən maraqlısı isə budur ki, ən layiqli müqaviməti ömründə ilk dəfə yarışa çıxan Kamui Kobayaşi göstərdi. Qeyd etmək lazımdır ki, Censon öz növbəsində ondan arxada start alan sürücüləri də irəli buraxdı: Lyuis ağıllı strategiya hüsabına irəli çıxdı, titul uğrunda mübarizədə əsas rəqib olan Fettel isə Censonun ikinci pitdən sonra Kovalayneni arxada saxlaya bilməməsindən istifadə etdi – alman sürücü əlavə bir dövrə sayəsində pitdən çıxdıqda Censonu xeyli qabaqladı. Həm də unutmayaq ki, şənbə günü təkərin təzyiqi ilə eksperimentlər sıralanma turunda çempiona yaraşmayan 14-cü yerlə nəticələnmişdi.
Amma məlum olduğu kimi qalibləri mühakimə etmirlər. Bir müddət keçdikdən sonra ön plana statistika çıxacaq, statistikaya görə isə Censon artıq, mövsümün sonuna bir yarış qalmış Formula1-in 31-ci dünya çempionudur, mövsümdə 6 qələbə qazanıb. Hərçənd, qələbələrin sayı 7 də ola bilər, Ross Braun hesab edir ki, mövsümün sonuncu yarışında pressinqsiz Censon daha yaxşı çıxış edə bilər. Ross, Barrikello üçün də mövsümə yekun vuraraq qeyd edib ki, braziliyalı sürücünün mövsümün ilk yarısında yarışın ortalarında yarış tempi ilə problemləri var idi. Bugünkü yarışında da məhz yarışın ikinci hissəsindəki sürəti braziliyalı sürücünün ümidlərinin üstündən xətt çəkdi…
Strateji cəhətdən Rubensin Mark Uebberə uduzması hələ dünəndən bəlli idi, heç tərəzidə çəkilmələrin nəticəsini gözləmək lazım deyildi – Rubens özü də mətbuat konfransında dedi ki, poul qazanmaqdan ötrü yarışın birinci hissəsinin uzunluğunu qurban verib. Məqsəd aydın idi – aşağı yerlərdən start zamanı hər şey ola bilərdi, Yarno Trullinin “qonağı olmaq” şansı var idi və ya KERS-lə start alan Kimi Rəykkönenin arxasında ilişib qalmaq olardı. Poul isə təmiz startdır, yarış isə sabahın işidir, necə olmasını heç kim bilmir. Rubens üçün uğurlu olmadı. Mark ağır idi, amma Rubenslə eyni tempdə gedirdi, hətta Robert Kubitsa da liderlərlə eyni tempi saxlaya bilirdi və hələ təəccüblənirdi ki, niyə onlar belə yavaş gedirlər? Erkən pit-stop, daha sonra trafik – nəticədə Barrikello nəinki Uebberi, hətta Kubitsanı da irəli buraxdı…
Bundan sonra yarışın ikinci hissəsinin qanunu qüvvəyə mindi. Otuzuncu dövrədən başlayaraq, Rubens bir dövrədə yarım saniyə, bəzən hətta bir saniyə itirməyə başladı və komandadan radio ilə soruşdu ki, maşına nə olub? Komanda isə hər şeyin qaydasında olmasını və “sən hamıdan ən azı yarım saniyə sürətli olmalısan” – bildirdi. Əgər braziliyalı sürücü yarış tempini saxlaya bilsəydi, asanlıqla ikinci yerini qaytara bilərdi – axı Robert ilk pit-stopunda daha az yanacaq götürmüşdü və Rubensdən dörd dövrə əvvəl ikinci pitə yollandı. Bəlkə də bu zaman Həmiltonun maşını ilə toqquşma da olmazdı, təkər də deşilməzdi, Censon da vaxtından əvvəl çempion olmazdı. Rubens finişdə ikinci yeri tutardı, komanda yoldaşı isə altıncı olardı və titul uğrunda mübarizə Abu Dabiyə köçəcəkdi. Əgər, əgər, əgər… Rubensə başqa tras lazım idi, onun doğma İnterlaqosu onu növbəti dəfə məyus etdi…
Mark Uebber isə yarışı əvvəlcədən yazılmış senari üzrə keçirdi. Hələ Braziliyada qüvvələr nisbətinin necə olmasını bilməyən Mark qələbə uğrunda gərgin mbüraizə aparmasını vəd etmişdi – Suzukanın acığını çıxmaq lazım idi, yapon trasında Red Bull əlçatmaq olsa da, Mark şənbə sərbəst yürüşlərində qəzaya uğramaqla sıralanma turuna çıxmamışdı və yarışda sonuncu yeri tutmuşdu. Mark yarışdan əvvəl deyirdi ki, komanda yoldaşına titul uğrunda mübarizədə kömək etməyəcək, amma bu sözləri hamı şişirtsə də, Mark, sadəcə bir faktı nəzərə almışdı – Mark komanda yoldaşı ilə yarışlarda çox nadir hallarda yanaşı olur ki, komanda taktikasını tətbiq etsin. Bu dəfə də belə oldu. Bu gün Markın günü və onun növbəsi idi. Nəzərə alsaq ki, ilk səkkizlikdə Fettel və Toro Rosso-dan Sebastyen Buemi də var, deyə bilərik ki, bu tras “öküzlər”ə münasib idi…
Markın yarışında yeganə mənfi element – birinci dövrədə Kimi Rəykkönenə qarşı müdafiə manevri idi. Avstraliyalı sürücü sola doğru çox aqresiv hərəkət etməklə finlandiyalı sürücünü planlaşdırılmayan pit-stopa göndərdi. Almaniyada yarışın startında buna oxşar manevrə görə Markı cərimə etmişdilər, düzdür, o zaman elə mən də bu cəriməni ədalətsiz hesab etmişdim. Amma bu dəfə Markın bu manevri beşinci yerdən əla start almış Ferrari pilotunun yarışını puç etdi, üstəlik pit-leyndə Kimini həmyerlisi Heykki Kovalaynenin “od sınağı” gözləyirdi. Deyirlər, “buz adam”ın hələ də gözləri ağrıyır…
Lyuis Həmilton bütün yarışı elə cəsarətlə keçirdi ki, həmin cəsarətlə keçən il Fettel son dövrələrdə onu ötmüşdü. Mərhələnin qəhrəmanını seçsək, mən üstünlüyü keçənilki dünya çempionuna verərdim – o öz titulunu rəsmən daha gözəl təhvil verdi, nəinki Censon bu titulu qazandı. Son yerlərdən start McLaren sürücüsünə heç nə vəd etmirdi, amma elə birinci dövrədə Təhlükəsizlik Maşınının trasa çıxmasından istifadə edən komanda Lyusin taktikasını bir pit-stopa dəyişdi. Lyuisin yumşaq təkərlərlə starta çıxması isə lap yerinə düşdü. Məsələn, Heykki bərk təkərlərlə starta çıxmışdı, həm də ilk pit-stopda onun maşınına az yanacaq vuruldu – 6-7 dövrəlik yanacaq pit-leynə yayıldı və Kiminin maşınını və gözlərini yandırdı. Lyuisin yarışı ideal alındı, sürətli, amma tez yeyilən yumşaq təkərlərdən canını qurtaran sürücü optimal taktikaya çıxdı…
Nəhayət, Toyota-da Kamui Kobayaşinin debütünü qeyd etməmək mümkün deyil. Qorxuram ki, yapon komandasının yapon sürücünün debütündən elə xoşları gəlsin ki, Timo Qlokun zədəsi “sağalmaqdan imtina etsin”. Censon Batton yapon sürücünü “axmaq” adlandırdı və komandasından az qala ağlayaraq tələb etdi ki, stüardlara şikayət etsinlər. Amma hər şey gözəl idi – həm müdafiə, həm də hücum, məncə, Kamui rəsmən ilin debütantı adını qazanmasa da, tamaşaçı rəğbəti mükafatını qazanacaq. Axı Sebastyen Bueminin mövsümün əvvəlində gözəl debütü artıq unudulub, digər debütantlar isə Toyota “kamikadze”sinin yanında uşağa bənzəyirlər. Özü də “təcrübəli” sürücülər bir neçə ay əvvəl deyirdilər ki, mövsümün ortasında müasir Formula1 maşınının sükanı arxasına oturmaq çətindir, yağışda isə qorxuludur?!