İmkan verin dincələk!

Etiraf etməliyəm ki, Çin Qran Prisinin startından əvvəl sakit, bəlkə də qəmgin yarış istəyirdim. Çünki son zamanlar Formula1 bünövrəsindən silkələnir: […]

Etiraf etməliyəm ki, Çin Qran Prisinin startından əvvəl sakit, bəlkə də qəmgin yarış istəyirdim. Çünki son zamanlar Formula1 bünövrəsindən silkələnir: adət etdiyimiz peleton kəllə-mayallaq olub, rəqiblər qalmaqallar yaşayırlar, məhkəmələrdə diffuzorların modelləri nümayiş olunur, bir-birinə müxtəlif adlar qoyurlar, hətta senzuradankənar sözlərdən belə çəkinmirlər, komanda pultlarında kreslolar boşalır, McLaren FİA-nın Ümumdünya Avtoİdman Şurasının iclası ərəfəsində bilmirsən silahlanır, yoxsa tərksilah olur. Nəsə stabil bir yarış gözləyirdim – hətta Brawn-un dublunu, yeni zirvələrə yüksəlməzdən əvvəl dincəlmək lazımdır. Alınmadı…

Yayıma Almaniyanın RTL kanalından baxmağa başlayıram, kanal yarışa bir saat qalmış trasdan canlı müsahibələr hazırlayır. Ekranda yağış görən kimi yarışa olan eqoist planlarım dərhal yox oldu, ilk olaraq düşündüm ki, nəsə yeni bir nəfəs üçün əla şans ola bilər. Həmin an yeni nəfəs deyəndə birinci ağlıma gələn Toyota oldu. Birincisi, komanda çoxdan qələbə əzmindədir, həm də nə qədər tez olsa, bir o qədər yaxşıdır – şirkət Formul1-də proqramının gələcəyini müəyyənləşdirməlidir. İkincisi, hələ yağışlı testlərdən biz görmüşdük ki, TF109 yağış altında olduqca güclüdür. Yeni nəfəs roluna yaraşan Red Bull isə yağışlı Xeres testlərində yaddaqalan çıxış etməmişdi, elə iki həftə əvvəl Malayziyada yağış altında da güclü təəssürat buraxmamışdı. Amma Qlokun həmin yarışdakı qəhrəmanlığını hamı xatırlayırdı. Üçüncüsü, dünən sıralanma turundan sonrakı maşınların tərəzidə çəkilməsindən sonra məlum oldu ki, ilk onluqda ən uğurlu mövqe məhz Yarno Trullidədir, Təhlükəsizlik Maşının arxasında verilən start isə italiyalı sürücüyə Brawn sürücülərini uzağa buraxmamaq şansı verirdi. Amma Toyota ümidlərimi doğrultmadı, hərçənd pit-leyndən start almış Qlokun yeddinci yerə kimi yüksəlməsi yarışın ən əlamətdar hadisələrindən biri oldu. Əgər alman sürücünün şənbə günü bəxti gətirsəydi…

Əvəzində yağış Red Bull-un tarixdə ilk qələbə qazanmasına, özü də dubl etməklə, səbəb oldu. Quru havada üç pit-stoplu strategiya – bu gün Horner bu strategiyanı artıq “aqressiv” adlandırmırdı – ciddi tərəddüdlər doğururdu. Hər halda Fettel və Uebber o dərəcədə sürətli deyildilər, hətta yanacaq fərqlərini nəzərə alsaq, əslində Ross Braunun maşınlarından yavaş idilər və əlavə pit-stop aşkar özünü doğrultmayacaqdı. Amma yağış və TM üzündən tərəddüdlü strategiyadan daha standart strategiyaya üstünlük verildi, həm də nəm trasda onlar həqiqətən hamıdan sürətli oldular, hamı yaxşı xatırlayır ki, Sebastyan təzə doldurulmuş maşınla bir dövrədən sonra pitə gedəcək boş Battonu uzun start düzlüyünün sonunda necə klassik ötmə ilə keçə bildi.

Bütün bu köməkçi faktorlar sürücülərin xidmətlərini azaltmır. Yarış məsafəsi darıxdırıcı olmasın deyə TM Sebastyan üçün müxtəlif qonşular təklif edirdi. Əgər ilk doqquz dövrəni gümüşü Mercedes sürücüləri öz arxasınca aparmasaydı, ilk pit-stopa kimi Sebastyanın ikinci yerdən fərqini təsəvvür etmək çətindir. Çünki TM trasdan gedəndən sonra altı dövrə ərzində alman sürücü 19 saniyəlik fərq yaratmışdı. Əlbəttə, belə hünərinə görə ona ayrıca mükafat düşürdü, amma TM-in ikinci çıxışı bütün fərqi heçə endirdi və hər şeyə yenidən başlamaq lazım gəldi.

İki həftə əvvəl Sepanqda trasdan kənara çıxan Sebastyan bu gün əsil Sebastyan idi, lap biz onu ilk dəfə keçən ilin Monsasında gördüyümüz kimi: bolidi səhvsiz idarə edirdi, fantastik sürətli idi, yarışa nəzarət edirdi, adama elə gəlirdi ki, o bütün ömrü boyu belə edib. Bəli, Ədrian Nyui əla maşın hazırlayıb, ən azı yağış və “yağış adam” üçün. Bəs RB5 rəqiblərini quru havada və quru traslarda udmağa hazırdırmı, yoxsa Felipe Massa kimi yalnız məxsusi traslarda, özü də yalnız pouldan start almaqla qələbə qazanmaq olar, yoxsa biz hələ bir il də gözləməliyik? Nə isə, yağış yarışları həmişə quru yarışlardan yüksək qiymətləndirilib (lap pouldan qələbə olsa belə).

Yeri gəlmişkən, söhbət Ferrari-nin braziliyalı sürücüsündən düşmüşkən, Şanxayda onun yarışını qeyd etməmək mümkün deyil. Felipe və yağış – bu elə bir hadisədir ki, heç vaxt bilmirsən nə ilə qurtaracaq. Bəlkə keçən ilin Silverstoununda olduğu kimi çoxsaylı fırlanmalarla, bəlkə keçən ilin Monakosunda olduğu kimi inamlı yarışla. Bu gün hətta TM-in arxasında motorun sönməsinə baxmayaraq, Felipeni tərifləmək lazımdır. Podium qazanmasına əmin deyiləm, düzdür, Domenikali buna əmindir (axı onlar Mark Uebberi və Censon Battonu necə qabaqlaya bilərdilər?), amma Brawn və Red Bull-dan sonra ən yaxşı ola bilərdi, amma bir şərtlə: Massa sona qədər yaxşı davam etsəydi. Ona görə də bu gün Ferrari-ni danlamaq istəmirəm. Texniki problemlər həmişə mühəndislərin insafında qalır, amma Çində qırmızılar ekstravaqant qərarlardan uzaq oldular – Kimini beşinci dövrədə pitə çağırmadılar və ya pit-stopda onun maşınına quru hava təkəri taxmadılar.

Baxmayaraq ki, Lyuis Həmilton artıq üçüncü yarışdır ardıcıl olaraq ona layiq olmayan maşında çempiona layiq yarış keçirir – bir neçə fırlanma və trasdan çıxmaları nəzərə almayaq, amma bu gün mənim Heykki Kovalaynen daha çox xoşuma gəldi. Sakit, heç bir səhvə yol vermədən, komanda yoldaşından fərqli olaraq təkəri öldürmədən, finlandiyalı sürücü 12-ci yerdən beşinci yerə kimi yüksəldi. Peletonda ikinci yükəsliş (Qlokdan sonra), amma əsas odur ki, nəhayət ki, Heykki finiş gördü. Daha bir nüansı qeyd edim ki, “bir xaldan ötrü” bu gün heç kim heç kimin şərəfini alçaltmadı.

Əslində yarışın ikinci yüksəlişi Adrian Sutil olmalı idi. Etiraf edim ki, Force İndia maşını ilk səkkizliyə daxil olanda uzun müddət gözlərimə inanmadım. Elə bildim ki, bu çox davam etməyəcək, bir neçə dövrədən sonra onu pitə çağıracaqlar. Ona görə də alman sürücünün taktikasını tərifləməmək mümkün deyil. Əslində bu iki pit-stoplu taktika idi, amma birinci yanacaqdoldurma dördüncü dövrədə olmuşdu, ikinci isə TM trasa qayıdarkən – risk olsa da əla alınmışdı. Məsələn, Barrikello sonuncu pitdə təkərləri dəyişməmişdi və sübut etdi ki, eyni təkərlərlə 37 dövrə etmək mümkündür. Heç bir komanda bunu etmədi, Adrian isə ilk səkkizlikdə yarışı davam etdirirdi. Deyəsən, növbəti yağışlı yarışda komanda nəhayət xal toplayacaq. Keçən il Monakoda da yağış yağmışdı və Sutil dördüncü yerə qədər yüksəlmişdi. Amma deyəsən ondan arxada cari çempionlar görünəndə alman sürücü özünü itirir – təklif edirəm ki, gələn dəfə Sutil onları sakitcə irəli buraxsın.

Nəhayət, Buemi xal toplamaqda davam edir, həm şəxsi hesabda, həm də tamaşaçıların gözündə. Ana komandanın bolidi ilə TM-in arxasında toqquşma hamıya Fettelin 2007-ci ildə Yaponiyada Uebberi yarışdan kənar qoymasını xatırlatdı – Fettelin izilə gedir gənc sürücü…

…İstədiyim dinclik bəlkə Bəhreyndə olacaq? Belə deyək, hamının İspaniyada gözlədiyi texniki fırtınadan əvvəlki sakitlik? Bəlkə Saxirdə də qum fırtınası olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*