Britaniyanın Formula Money jurnalının əməkdaşları mövsümün arxada qalmış ilk on yarışında komanda və sürücülərin qazandıqları bir xalın dəyərini müəyyən ediblər. Qiymətin keyfiyyətə nisbətində ən yaxşı göstərici Rubens Barrikellodadır, ən pis nəticə isə BMW Sauber komandasına məxsusdur…
Əgər komandaya yatırılmış vəsaitin həcmini qazandığı xallara bölsək, məlum olar ki, BMW Sauber-in qazandığı səkkiz xalın hər biri 15 milyon Avroya başa gəlib. McLaren komandası bu siyahıda ikincidir – 12.7 milyon Avro, daha sonra Toro Rosso-dur – 11.8 milyon Avro. Əlbəttə, ən səmərəli komanda isə Brawn GP olmalıdır – hər xala görə cəmi 417 min Avro xərclənib. Çempionatın ikincisi Red Bull bu cədvəldə də liderə azca uduzur – 764 min Avro.
Eyni hesablamaları sürücülərin əmək haqqılarına da tətbiq etmək olar. Robert Kubitsanın qazandığı hər bir xal komandaya 1.44 milyon Avroya başa gəlir, Kimi Rəykkönen ondan bir qədər “ucuzdur” – 1.4 milyon Avro. Daha sonra cədvəldə Sebastyen Burde (0.9 milyon Avro) və Lyuis Həmilton (0.8 milyon Avro) yer alıblar. Rubens Barrikellonun qazandığı 44 xaldan hər birinin dəyəri cəmi 7 min Avrodur. Niko Rosberqdə əın optimal göstəricidir – 20 min AVro.
Hesablamalar yalnız xal qazanmış komandalar və sürücülərə tətbiq olunub…