F-1.az xəbər verir ki, mövsümün 1-ci yarışından fərqli olaraq bu dəfə HyperCar sinfində sensasiya baş verməyib. Sebrinqdə Ferrari poul qazanaraq azarkeşlərini sevindirmişdilər – bu dəfə Toyota komandası rəqiblərini heç bir şans verməyib.
Son illərin dominant çempionları tam heyətlə ilk cərgəni zəbt ediblər. #8 ekipajın sürücüsü Brendon Hartli həlledici dövrədə #7 maşının sürücüsü Kaumi Kobayaşini 0.273 saniyə qabaqlayıb.
Ferrari komandasının sürücüləri isə bu dəfə ikinci cərgəni tam zəbt ediblər – həlledici dövrədə Niklas Nilsen liderə 1.425 saniyə uduzsa da, komanda yoldaşı Ceyms Kaladonu 0.327 saniyə qabaqlayıb.
Porsche komandasının maşınları 5 və 7-ci, Peugeot komandasının maşınları isə 6 və 9-cu yerlərdən start alacaqlar. Cadillac komandası 8-ci nəticə göstərib. Glickenhaus və Vanwall maşınları isə liderə 3 saniyədən çox uduzmaqla son iki yeri tutublar.
LMP2 sinfində Prema komandasının sürücüsü Mirko Bortolotti 0.001 saniyə üstünlüklə poul qazanıb. GTE Am sinfində isə Ben Kitinq Corvette-ə poul qazandırıb – qadın sürücülərin Iron Dames komandasının sürücüsü Sara Bovi poula cəmi 0.217 saniyə uduzub.
Bazar günü marafon yerli vaxtla saat 12:00-da başlayacaq…