İki uğursuzun mübarizəsi

Formula1-ə olan maraq son illərdə xeyli azalsa da, yenə də bu idmandan bəhs etdirən fiqurlar olub. Başlıqda uğursuz deyildikdə nəzərdə tutulan 2 pilot əslində xeyli zəngin karyeraya sahibdirlər - ümumulikdə 6 titul, 80-dan çox qələbə, bundan çox da geri qalmayan poul sayı və 200-dən çox podium. Bəs onları nəyə görə uğursuz adlandırıram?

Yarışlarını canlı izlədiyimiz bu sürücülər kifayət qədər güclü, zaman-zaman da öz sözünü demiş şəxslərdir. Lakin uğursuz sürücü dediyimizdə, bir çoxlarımızın ağlına gələn ilk adlar arasında onlar mütləq var – Fernando Alonso və Sebastyan Fettel.

Fernandonun bu idmana debütü bir çox gənc sürücü kimi, zəif komanda ilə olub. Sonra arada bir illik fasilə, yenidən idmana qayıdış, üzərindən keçən bir neçə il və onun karyerasında yüksəlişin başlaması – Formula1-dəki ilk illərini qısaca belə qeyd etmək olar. 2005-ci və 2006-cı illərdə gələn titullar ispan sürücünün şöhrətini və marka dəyərini çox yüksəltdi. Lakin yüksələn təkcə bu ikisi deyildi. Həm də eqosu artıq tavanda idi.

Növbəti il McLaren-ə gedən ikiqat dünya çempionu debütant sürücünün özü ilə başabaş mübarizə aparmasını heç cür həzm edə bilmədi. Təbii ki, Lyuis Həmilton yarışdığı ilk ildə Fernandodan yaxşı sürücü deyildi. Sadəcə Fernando başını aşağı salıb xallarını toplamaq əvəzinə, əsas diqqətini komanda yoldaşına, komanda daxilində baş verənlərə yönəltdi. O vaxtdan 5 il sonrakı vəziyyətində olsaydı, əlbəttə azı 2-3 xal da artıq qazanaraq növbəti titulunu əldə edə bilərdi. Amma bu titul heç 10 il sonra da gəlməyəcəkdi və bunu o vaxt heç kim bilmirdi…

2007-ci ildən etibarən Alonsonun karyerasında uğursuzluq dövrü başladı. Növbəti 2 il titul uğrunda mübarizəyə imkan verməyən Renault-da keçdi. 2010-cu ildə isə artıq Ferrari sürücüsü idi. Lakin qırmızı kombinezonu geyinməsi də əslində səhv qərarın nəticəsi idi. Çünki bir neçə il əvvəl Red Bull ona maşınlarından birini həvalə etmək istədikdə Alonso razılaşmamışdı. Çox güman ki, “içki şirkətinin komandası ilə nə əldə edə bilərəm?” deyə düşünmüşdü. Amma nələri əldən verdiyini gördük. Məhz həmin komandanın pilotu və bu yazımızın digər qəhrəmanı Fettel 4 il ardıcıl yarışlara liderlik etməkdən, qələbə qazanmaqdan və çempion olmaqdan bəlkə də bezdi. Bəli, Fernando çempionluq sayını 6-a çatdırmaq imkanını şəxsən özü rədd etmişdi…

Amma onun həmin illərdəki uğursuzluğu bununla da yekunlaşmır. 2012-ci ildə çempion ola bilərdi – buna çox şey lazım deyildi, yarışlardan birində DRS sistemi xarab olmasaydı, hətta yarışlardan birində lider gedən Həmiltonun motoru dözsəydi, çempion olacaqdı.

Turboera başladıqdan sonra yoxa çıxan pilotlardan biri elə Alonso oldu. Ferrari-nin “tozsoran”-ı 2014-cü ildə ancaq aradabir podiuma imkan verdi. Alonso həmin maşını sürdüyü vaxtlarda fikri başqa yerdə idi – uzun illər sonra idmana qayıdacaq Honda-da, daha doğrusu McLaren Honda-nın keçmişdəki böyük uğurlarında. Amma bu dərəcədə təcrübəli pilot gözünü yumaraq belə bir riskə getdi. Bununla da karyerasındakı hər şey getdi. McLaren-dəki ikinci dövründə nəinki titul, qələbə, heç podium üzü belə görməyən ispan sürücünün səbr kasası keçən il doldu və Formula1-i tərk etdi. Hələ turbo motorlara keçiddən sonra Mercedes rəhbərliyinin ona 1 il yarışmaması, növbəti ildən komandaya gəlməsi təklifi edildiyi də bildirilir… Alonsonun cavabı məlumdur.

Bu adamın uğursuzluğu sükan arxasında etdikləri ilə əlaqəli deyil. Çünki Formula1 tarixinin ən güclü sürücülərindən biri olduğunu heç kim danmır. Bu insanın uğursuzluğu kibirli, eqolu olmasındadır. Verdiyi səhv qərarlar da məhz bu xarakterindən qaynaqlanır. O, bəlkə hələ də “mən ikiqat dünya çempionuyam, filan şey belə olmalıdır” düşünür, amma “camaatın uşağı” altıncı tituluna gedir. Ondan yaxşı pilot olduğu üçün yox, düzgün qərarlar verə bildiyi üçün.

Keçək Fettelə. Onun uğursuzluğu tamamilə başqa səbəblərdədir. Əslində bu iki sürücünün demək olar ki, heç nəyi bir-birinə bənzəmir. Fettel təsadüfi sürücü olmadığını ilk illərindən göstərib, amma bu imkanı əlindən alına bilərdi.

2007-ci ildə hələ Toro Rosso-da yarışarkən Yaponiyada Vebberi vuraraq onun podium, bəlkə də qələbə şansını əlindən almışdı. Üstəgəl, insident Təhlükəsizlik Maşını arxasında olmuşdu. Bu hadisə rəhbərliyi bərk əsəbiləşdirmişdi və gənc sürücünün karyerasının uzun müddət davam etməyəcəyi artıq danışılırdı. Amma 2008-ci ildə İtaliyadakı performansı karyerasını xilas etdi. Məhz o yarış onun Red Bull-a yolunu açdı. Vettel 2010-2013-cü illərdə ardıcıl 4 dəfə çempion olaraq tarixin ən titullu sürücülərindən birinə çevrildi. Demək olar ki, bütün yarışlara ilk cərgədən başlaması, heç bir əziyyət çəkmədən, mübarizə aparmadan finişə çatması həmin 4 ildə bəlkə də onun bir çox cəhətdən inkişaf etməsinin qarşısını aldı. Nəticəsi də 2014-cü ildə göründü – yeni komanda yoldaşı Rikkardo 3 yarışda qələbə qazana bilsə də, Fettel mövsümboyu bunu bacarmadı. Düşdüyü təzyiqlə, qarşılaşdığı çətinliklərlə də bacarmadı və “qaçdı”. Uğursuzluqlarından biri də məncə budur – “halva biş, ağzıma düş”-ə öyrəşən Fettel çətinliklə qarşılaşmışdı.

Onun da karyerasında Ferrari dövrü başladı. Keçən ilə qədər Mercedes-ə uduzsalar da, 2018-ci il dönüş nöqtəsi ola bilərdi. Olmalı idi və Fettelin yerində hansı normal sürücü olsa, bunu bacarardı. Çünki uzun müddət sonra ilk dəfə Ferrari daha yaxşı maşın hazırlamışdı və Fettel xal hesabında elə mövsümün əvvəlindən xeyli qabaqda idi. Amma bacarmadı. Yenə də gərgin mübarizəyə tab gətirə bilmədi, psixoloji olaraq Həmiltona çox uduzdu və son şansını əldən verdi. Keçən il də, bu il də demək olar ki, elə bir həftəsonu yoxdur ki, Fettel ən azından yerində fırlanıb sosial şəbəkələrdə gülüş mənbəyinə çevrilməsin. Nə etdiyini heç özü də bilmir. Formula1-in real mübarizə gərginliyi Fettelin buna tab gətirmə qabiliyyətini üstələyir. Çünki o, ilk illərdən sürətli maşına, Nyui kimi bir dahiyə, başını sığallayan komanda rəhbərinə və haqqı yeyilən komanda yoldaşına (son ikisindən Ferrari də onu məhrum etməyib) çox öyrəşib.

Fettelin də uğursuzluğu məhz bunlardır. Bəlkə karyerası başqa yollardan keçsəydi, indi qarşımızda tam başqa keyfiyyətlərdə olan sürücü var idi. Amma Sebastyan heç böyümədi…

Bu iki sürücüyə eyni yazıda yer verməyimin səbəbi də komandalar arasında son illər uğursuzluq və bacarıqsızlıqda lider olan, hər ikisinin də yarışmış olduğu Ferrari komandasıdır. Çünki Fettelin çıxışı azarkeşlərin, mətbuatın, hətta italyan nəşrlərinin səbr kasasını doldurub. Çox güman ki, komanda da artıq ondan olduqca narazıdır. Formula1-də dedi-qodular hər zaman olur. Amma bu dəfə çox geniş vüsət alıb. İspan və italyan nəşrləri Fernandonu artıq Ferrari-nin gələnilki bolidinə “əyləşdiriblər”. Fernando ancaq titul uğrunda mübarizə apara biləcəyi komandaya gələcəyini deyir. Tərəflərin heç biri də hələ ki, yayılan xəbərləri təkzib etmir.

Fettelin karyerasında bundan sonra yüksəliş olacağına çox da inanmıram. Alonso qayıtsa belə, Ferrari-nin Mercedes-lə sona qədər komanda olaraq başabaş mübarizə aparması da çox pozitiv düşüncə kimi görünür. Amma hər halda Fernando qərarını yayda verəcəyini bildirib, önümüzdəki 3 ayda bir çox şey məlum olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*