Hyundai Belçikada dubla gedir

Belçikada əfsanəvi Spa ətrafındakı yollarda Dünya Ralli Çempionatının (WRC) 9-cu mərhələsi başlayıb. Cümə günü iştirakçılar 8 dopda güclərini sınayıblar.

Hyundai-nin belçikalı sürücüsü Tyerri Növill ev yarışının ilk gününü lider kimi başa vurub. Əvvəlcə o, öz səhvi üzündən on saniyə itirib, lakin sonra səkkiz dopdan beşində qalib gələrək günün ən güclüsü olub.

Yarışların startı yağış səbəbindən ləngiyib. Startda çempionatın lideri Kalle Rovanpera önə keçsə də, artıq ikinci dopda o, mübarizəni tərk edib. Finlandiyalı sürücü sola dönmədə səhvə yol verərək, növbəti sağa döngədə maşın trasdan çıxıb və Toyota bir neçə dəfə fırlandıqdan sonra təkərləri üstünə düşüb.

Xoşbəxtlikdən gənc sürücü və onun şturmanı heç bir xəsarət almayıb, lakin maşın o qədər zədələnib ki, hər ikisi qırılmış alın şüşəsindən çıxmaq məcburiyyətində qalıb. Xatırladaq ki, bu mövsümə qədər Rovanpera bütün mərhələlərdə xal qazanıb və artıq beş yarışda qalib gəlib.

Rovanperanın qəzasından sonra liderliyə onun komanda yoldaşı Elfin Evans yüksəlib. Lakin nahardan sonra onun maşınında təkər deşilib, hələ üstəlik son nəzarət məntəqəsinə gecikdiyi üçün 10 saniyəlik cərimə də alıb. Yekunda Elfin günü liderin 13.7 saniyə arxasında 3-cü yerdə başa vurub.

Çünki Evans təkcə Növilli deyil, Hyundai-nin digər sürücüsü Ott Tənakı da irəli buraxmalı olub. Sonuncu rallinin qalibi Ott komanda yoldaşına cəmi 2.5 saniyə uduzur.

Qeyd edək ki, Ott çempionatda Kalledən 95 xal geri qalır və indi fərqi azaltmaq üçün gözəl fürsətə sahib olub.

Sonda əlavə edək ki, Maks Ferstappenin atası Yos da yarışlarda Citroen C3-lə iştirak edir və hələlik öz sinfində 15-ci yerdə qərarlaşıb.

Şənbə günü mübarizə 8 dopda davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*