Hunqarorinq, 02.08.2017

Çempionatdakı 10 komandanın hamısı Macarıstan Qran Prisindən sonra mövsümiçi testlər üçün Budapeştdə qalıb. Reqlament ümumilikdə 4 gün davam edən mövsümiçi testlərin ən azı 2 günündə gənc sürücülərin (Formula1-də maksimum iki yarışa çıxmış) köməyindən istifadəni tələb edir. Buna görə də son iki gündə 5 sürücü ilk dəfə Formula1 maşınının sükanı arxasında əyləşib.

F-1.az bildirir ki, Ferrari testlərin ikinci günündə əsas sürücüləri ilə işləyib. İtalyanlar nadir hallarda bunu edirlər, lakin bir çox yenilik gətirilib və mühəndislər üçün əsas sürücülərin bu yeniliklərlə bağlı fikirlərini öyrənmək vacib olub. Fettel nahara qədər 40 dövrə vurub və maşını Rəykkönenə verib.

Toro Rosso da hər iki əsas sürücüsünün köməyindən istifadə edib – Sayns səhər, Kvyat isə nahardan sonra işləyib. Force İndia-da da dünənki kimi, Auer və Mazepin sükan arxasına keçiblər. Mercedes AMG-də Rassel aerodinamik yeniliklərin yoxlanılmasında komandaya kömək edib, həm də real maşında və simulyatorda təkərlərin işləməyini müqayisə edib. Rasselin maşınına səhər Halo sistemi də quraşdırılıb.

Williams testlərin ikinci və son günündə maşını Luka Giottoya tapşırıb. 22 yaşlı italyan sürücü nahara qədər bir yarışlıq məsafəni qət edib və bu göstəriciyə görə günün sonunda da lider olub – 161 dövrə! Testlərin ən gənc iştirakçısı isə McLaren-in maşınını idarə edən 17 yaşlı Lando Norris olub. Britaniyalı gənc sürücü günün ilk hissəsində Vandornun şənbə günü sıralanma turunun son sessiyasında göstərdiyi nəticəni təkrarlayıb, günün sonunda isə UltraSoft təkərlərlə Alonsonun nəticəsini də üstələyib. Bu tərkib Macarıstan Qran Prisinə gətirilməmişdi və əsas sürücülər onunla dövrə vurmamışdlar, lakin Norrisin potensialı göz önündədir.

Ən böyük diqqət isə Kubitsanın üzərində olub. Zədə səbəbindən uzun müddətdir ki, Formula1-dən ayrı düşən polşalı sürücü Lotus-un 2012-ci ildə yarışdığı maşınla etdiyi testləri uğurla başa vurmuşdu. Lakin yeni maşınla onun necə nəticə göstərəcəyi hamıya maraqlı olub. Robert nahara qədər bir yarışlıq dövrə vurub və tempi heç də pis olmayıb. Nahardan sonra da bunu təkrarlayıb. Aydındır ki, sağ əlindən aldığı zədə üzündən maşını idarə etməsində ona mane ola biləcək heç nə yoxdur.

Bu gün də sessiya üç dəfə qırmızı bayraqlarla dayandırılıb – buna səbəb nahardan əvvəl Norris, sonra isə Kvyat və Rasselin problemlərə görə trasda dayanmaları olub. Ferrari dünən olduğu kimi, testlərin son günündə də ən sürətli komanda olub. Protokollara Fettel başçılıq edib – 1:17.124.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:17.124 40
2 47 Lando Norris McLaren 1:17.385 + 0:00.261 91
3 7 Kimi Rəykkönen Ferrari 1:17.842 + 0:00.718 60
4 46 Robert Kubitsa Renault 1:18.572 + 0:01.448 142
5 55 Karlos Sayns Toro Rosso 1:18.850 + 0:01.726 68
6 26 Daniil Kvyat Toro Rosso 1:19.116 + 0:01.992 54
7 35 Lukas Auer Force İndia 1:19.242 + 0:02.118 49
8 63 Corc Rassel Mercedes AMG 1:19.391 + 0:02.267 90
9 34 Nikita Mazepin Force İndia 1:19.692 + 0:02.568 48
10 15 Pyer Qasli Red Bull 1:20.337 + 0:03.213 107
11 41 Luka Gyotto Williams 1:20.414 + 0:03.290 161
12 50 Santino Ferruççi Haas 1:20.994 + 0:03.870 116
13 36 Nobuharu Matsuşita Sauber 1:21.998 + 0:04.874 121
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*