H.Tilke: “Bakıda çox nadir tras olacaq”

Gələn il ölkəmizdə Formula1 yarışı debüt edəcək. Trasın tikintisi ilə Hermann Tilkenin arxitektor bürosu məşğul olur. Almaniyalı mütəxəssis SpeedWeek-in jurnalistlərinə […]

Gələn il ölkəmizdə Formula1 yarışı debüt edəcək. Trasın tikintisi ilə Hermann Tilkenin arxitektor bürosu məşğul olur. Almaniyalı mütəxəssis SpeedWeek-in jurnalistlərinə yeni trasın xüsusiyyətlərindən danışıb. “Formula1 Azərbaycanda” saytı (www.F-1.az) həmin müsahibəni nəzərinizə çatdırır…

– Bakıda keçiriləcək Avropa Qran Prisinə düz bir il vaxt qalır – bu müddət ərzində nə iş görülməlidir?

– Bütün tikinti işləri şəhər daxilində olduğu üçün birinci növbədə yol örtüyünü təmir etməliyik. Yəni əvvəlcə, biz bütün adi işləri görəcəyik və sonda Formula1 yarışları üçün hazırlanan xüsusi asfalt qatını döşəyəcəyik. Boksların (komandaların qarajlarının) və digər infrastrukturun tikintisinə gəlincə, bu işlər 2016-cı ildə başlayacaq.

Bildiyiniz kimi, tras tarixi mərkəzin ərazisindən keçir, bəzi sahələrdə yerə daş döşənib. Təəssüf ki, formula1-də belə bir örtükdən istifadə etmək olmaz, ona görə də biz onu örtməli olacayıq – bunu Qran Priyə az müddət qaldıqda edəcəyik. Biz müvəqqəti örtükdən istifadə edəcəyik: daşın üzərini qumla örtəcəyik, onun da üzərindən yeni asfalt döşəyəcəyik. Yarışdan sonra isə bu örtüyü sökəcəyik.

– Bu sahənin uzunluğu nə qədərdir?

– Bu cür iki sahəmiz var, dəqiq uzunluqlarını bilmirəm, amma biri təxminən 400 metr, digəri isə 200 metr olmalıdır.

– Siz dediniz ki, xüsusi asfalt örtüyü döşəmək istəyirsiniz – hazırda mövcud olan hansı traslarda bu örtükdən istifadə olunur?

– Biz hazırda bu örtüyün tərkibini optimallaşdırmaqla məşğuluq. Əlbəttə, biz asfaltla maşınların təkərlərinin yüksək ilişməsini təmin etməliyik. Hazırda inamla deyə bilərəm ki, yeni örtük tam yerli məhsullardan istifadə etməklə hazırlanacaq.

– Gələn il iyulda Bakıda hava necə olacaq?

– Elə Avropada olduğu kimi, təxminən +30 dərəcə olmalıdır, amma daha isti olmasını istisna etmirik.

– Bakı və Monako traslarını müqayisə etmək olar?

– Bakı heç də Monako deyil! Bakı trası çox nadir olacaq. Biz bir çox asan olmayan məsələləri həll etməli olduq, hətta qeyri-tipik qərarlar da qəbul etdik. FİA-nın (Beynəlxalq Avtomobil Federasiyasının) müəyyən məhdudiyətləri var, amma xoşbəxtlikdən federasiya kompromisə getməyə hazırdır. Məsələn, Bakıda tras 12-ci əsrdə ucaldılmış qala divarının düz yanından keçəcək – biz bu divarın toxunulmazlığını təmin etməliyik. Bu şəhərdə işləyərkən nadir təcrübə topladıq. Əmninəm ki, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gələcək.

– Bokslar Hökumət Evinin qarşısında olacaq. Deməli, müvəqqəti xarakter daşıyacaq?

– Bu bina Hökumət Evi adlansa da, faktiki olaraq binada bir neçə nazirlik yerləşir. Bu böyük monumental bina 1936-1952-ci illərdə inşa olunub, bir müddət tikintiyə hərbi əsirlər də cəlb olunublar. Mənə danışmışdılar ki, onlar hətta bir dəfə tətil ediblər ki, sementin keyfiyyəti lazımı qədər olmayıb. Onlara başqa sement verildikdən sonra tikinti işləri davam edib. Düzdür, bilmirəm ki, o zaman hərbi əsirlər tətil edə bilərdilərmi, amma bu bir Bakı əfsanəsidir.

Lakin sualınıza qayıdaq: bəli, yarışdan sonra bokslar kompleksi söküləcək və 2017-ci ildə Qran Pri ərəfəsində yenidən qurulacaq.

– Nəzərə alsaq ki, Azərbaycanda belə bir yarış ilk dəfə keçiriləcək, ona görə də siz Monako və Sinqapurdan buraya daha çox vaxt ayırırsınız?

– Bəli, səbəblərdən biri budur. Bütün prosedurların ideal olması üçün debüt yarışdan sonra 6-7 il vaxt lazımdır. Monako artıq 50 ildir ki, Qran Pri qəbul edir, onlar trası hətta gözübağlı da qura bilərlər. Biz şübhə etmirik ki, Bakıda ikinci yarışın hazırlığına daha az vaxt sərf edəcəyk. Sinqapurda da belə olmuşdu.

– Bu işə digər ölkələrdən də mütəxəssislər dəvət edəcəksiniz?

– Biz yerli mütəxəssislərlə əməkdaşlıq edirik – mən onlara kompliment söyləməliyəm. Onların artıq Avropa Oyunlarına hazırlıq təcrübəsi var.

– Azərbaycanda hökumətlə dil tapmaq nə dərəcədə çətindir? Adətən Şərqdə işə yanaşmaq Avropadakından fərqlənir…

– Biz çox təəccüblənmişdik – çünki yerli kolleqalarımızla ünsiyyət zamanı heç bir problem yaşamadıq. Bizimlə əməkdaşlıq edən insanlar bizə diqqətlə qulaq asırlar, bizə əllərindən gələn köməyi edirlər. Onlar ingiliscə sərbəst danışırlar və hamısının yaxşı təhsili var…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*