Bu həftəsonu Moskvada Moscow Raceway trasında DTM kuzov çempionatının növbəti mərhələsi baş tutacaq. Çempionat iştirakçıları artıq Rusiyanın paytaxtına toplaşıblar. Qonaqlar arasında FİA-nın rəsmi tras arxitektoru sayılan Hermann Tilke də var. Almaniyalı arxitektor Championat.Com resursunun müxbiri Maksim Verşininə geniş müsahibə verib və müsahibə zamanı gələn il ölkəmizdə debüt edəcək Avropa Qran Prisinə də toxunub. “Formula1 Azərbaycanda” saytı (www.f-1.az) həmin müsahibənin bizim oxuculara maraqlı olan hissəsini nəzərinizə çatdırır…
– …DTM-dən keçək Formula1-ə. Son zamanlar Rusiya Qran Prisinin gecə vaxtı keçirilməsi barədə söz-söhbətlər çoxalıb, süni işıq altında yarışı keçirmək üçün bizim trasımız hazırdırmı?
– Rusiya Qran Prisinin gecə keçirilməsi əla fikirdir! Yarış tam fərqli atmosfer alacaq və mən bu ideyanın həyata keçirilməsinə çox şad olardım. Texniki nöqteyi nəzərdən Soçi avtodromunda heç bir problem olmamalıdır, sadəcə süni işıqlandırma sistemini quraşdırmaq lazım gələcək və hər şey qaydasında olacaq.
– Rusiya trası barədə bu sözləri eşitmək çox xoşdur. Bəs onda Hermann Tilke hazırda nə ilə məşğuldur?
– Bizim üçün hazırda ən həlledici layihə Meksika trasının yenidən qurulmasıdır. Sentyabr ayında biz bütün işləri təhvil verməliyik. Çünki artıq oktyabrın sonunda həmin trasda ilk yarış baş tutmalıdır. Bununla yanaşı, biz Azərbaycan Qran Prisinin trası üzərində də işləyirik, amma bu yarış gələn il debüt etməlidir.
– …Onda qarşıdakı Avropa Qran Prisi, yəni Bakı trası barədə nə deyə bilərsiniz?
– İşlərimiz tam sürətlə gedir, hər şey yaxşı davam edir. Biz hökumətlə sıx əməkdaşlıq edirik, bütün imkanları araşdırırıq və artıq indidən deyə bilərəm ki, tras həm sürücülər üçün, həm də tamaşaçılar üçün çox maraqlı alınacaq. Çox nadir bir tras olacaq və hazırda mövcud olan heç bir trasa bənzəməyəcək. Bakı trasını nə Monako ilə, nə də digər şəhər trasları ilə müqayisə etmək olmaz. Bakı – böyük tarixi, öz xüsusiyyətləri, öz xarakteri olan qədim şəhərdir, bütün bunlar isə, sözsüz ki, Formula1 trasında da əks olunacaq. Sadəcə inanın ki, Bakı trası tam fərqli bir şey olacaq.
– Düşünürəm ki, GT yarışlarının Bakıda keçirildiyi trasla bu trasın heç bir oxşarlığı olmayacaq…
– Son 3 ildə Bakıda GT yarışları keçirilib, amma həmin trasla bizim trası müqayisə etmək belə olmaz. Bu trasların ümumi heç nəyi yoxdur…