İspaniya Qran Prisi ərəfəsində Lotus komandası Ceyms Əllisonun texniki direktor vəzifəsindən getdiyini elan etmişdi. İstedadlı mühəndisin McLaren, Mercedes AMG, Ferrari, Red Bull və Williams komandalarına keçməsi barədə bu günə qədər şayiələr gəzir, amma hələlik rəsmi xəbər yoxdur, Əllison özü isə heç bir şərh vermir.
Bu gün Turun Sanomat qəzetində maraqlı versiya irəli sürülüb. Finlandiyada dərc olunan qəzet təkid edir ki, Əllison Honda-ya dəvət olunub – söhbət 2015-ci ildən McLaren komandasının maşınlarına qoyulacaq yeni turbo motorların işi üçün test şassisinin yaradılmasından gedir.
Honda 2014-cü il mövsümünün son yarışından sonra, yəni noyabrın 15-dən sonra Formula1-in rəsmi motor təchizatçısı sayılacaq, həmin tarixə qədər şirkətə heç bir test məhdudiyyəti yoxdur və trasda istənilən qədər vaxt keçirə bilər. Çox güman ki, şirkət özünün ixtiyarında olan Suzuka trasından yararlanacaq.
Honda Əllison barədə xəbərləri şərh etməyib, McLaren komandası isə şayiələrin həqiqətə uyğun olmamasını bəyan edib…