Lotus komandasının pilotu Heykki Kovalaynen Çempionlar Yarışında yaşadığı qəzadan sonra praktiki olaraq sağalıb – finlandiyalı sürücü ilə birlikdə rəfiqəsi Kətrin Hayd oturmuş gücü 520 at qüvvəsi olan Audi-də akseleratorun pedalı ilişib və maşın tam sürətlə qoruyucu baryerlərə çırpılmışdı. Amma bir həftə sonra keçirilmiş tibbi müayinə göstərib ki, daim məşq etmiş orqanizm Düsseldorfdakı qəzanın nəticlərinə tab gətirib.
2008-ci ildə Macarıstan Qran Prisinin qalibi Twitter-ində yazıb ki, “Bərpa prosesi normal gedir, bu gün başımı sonuncu dəfə skaner ediblər – heç bir problem yoxdur. Bir həftə dincələcəm, sonra isə zalda məşqlərə başlayacam!”
Gələn il Heykki Lotus-un tərkibində Formula1-də çıxışlarını davam etdirəcək…