Xəbər verdiyimiz kimi bu il Çempionlar Yarışı (Race of Champions) Tailandın paytaxtı Banqkokda keçirilir. Sabah milli komandalar, bazar günü isə sürücülər süni quraşdırılmış trasda müxtəlif maşınların sükanları arasında öz ustalıqlarını göstərəcəklər. Bu gün isə sabahkı yarışın seçmə turniri keçirilib.
Asiyanı təmsil edən milli komandalar sabah əsas mərhələdə iştirak etmək hüququ verən yeganə vəsiqə uğrunda mübarizə aparıblar. Finala Hindistan və Yaponiya milliləri çıxıblar və heyətində Formula1 sürücüləri – Narain Kartikeyan və Karun Çandhok olan Hindistan millisi qələbə qazanıb. Sabah onlarla birlikdə Tailand millisi də Asiyanı əsas yarışda təmsil edəcək.
Narain Kartikeyan: “Biz Karunla birinci dəfə Çempionlar yarışına qatılmışıq və deməliyəm ki, böyük ləzzət aldım. Yarışların özünəməxsus formatı, çətin dar tras – dövrəni ideal keçmək elə də asan deyil, amma biz hər bir maşından maksimum yararlana bilərdik.
Biz uğurlu çıxışımızdan razı qaldıq və davamını səbirsizliklə gözləyirik. Məqsədimiz sabah dünyada birinci olmaqdır!”
Sabah milli komandaların yarışı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq…