F-1.az xəbər verir ki, söhbət Lyuisin 2020-ci ildə yarışdığı və bu günə qədər yeddinci və son titulunu qazandığı maşının arxa qanadının yan lövhəsindən gedir. Bu elementi Avstriyanın Österreichische Sporthilfe xeyriyyə fonduna Mercedes komandasının rəhbəri Toto Volff şəxsən təhvil verib.
Hərrac onlayn rejimdə fevralın 10-da axşam keçiriləcək. Lotun təsvirində Hamiltonun keçən dekabr ayında karbon lifli lövhəyə imza atdığı, onun ölçüsü təxminən 80 x 80 sm olduğu və rəsmi Mercedes-AMG F1 Team sertifikatı ilə gəldiyi bildirilir.
Bazar günü axşama qədər heç kim detal üçün 10 min avrodan çox təklif etməmişdi, lakin onun 50 minə gedəcəyi gözlənilir. Hərracda toplanan bütün pullar səhhətində müəyyən problemlər olan Avstriya idmançılarına dəstək üçün istifadə olunacaq. Hazırda fond 263 belə idmançı ilə işləyir.