F-1.az xatırladır ki, Mercedes AMG komandası sürücülərin başının qorunmaslıüçün halo sistemi dizayn edib və Ferrari komandası Barselonada keçirilən mövsümöncəsi testlərdə ilk dəfə halo sistemini trasda test etmişdi. Bu sistem görünüşünə görə sərt tənqidlərə tuş gəlib və Red Bull komandası dizayn etdiyi halo sistemini təqdim edib.
Çarli Uaytinq bildirib ki, Red Bull-un sistemi gələn ilə qədər çatdırıla bilməyəcək, ancaq 2018-ci ildən etibarən istifadəyə verilə bilər: “Halo ilə bağlı işlər qaydasında gedir. İndiyə qədər onu test etdik və uçan təkər kimi elementlərə qarşı sürücüləri qoruya biləcək. Bu halların hamısı test edilib.
Biz hələ təhlil edirik. Pilotun boliddən çıxarılması ilə bağlı mövzuları tibbi komanda ilə danışırıq, ancaq hər şey qaydasında gedir.
Bunun üçün başqa işçi qrupu var və onların üstündə Mercedes AMG ilə Ferrari dayanır. Onlar çox yaxşı işləyirlər.
Red Bull isə alternativ sistem dizayn etdi. Onların sistemi hələ test edilməyib və layihə kimi də çox geridədir, amma onların sistemini də istifadə edə bilərik. Mən inanmıram ki, Red Bull-un sistemini 2017-ci ildə istifadə edə bilək. Halo sistemi isə 2017-ci ildən etibarən istifadə edilə bilər.
Hazırda halonun üzərində işləyirik, çünki o artıq test edilib və hazırda ən yaxşı qoruyucudur.
Biz fərqli qəza ssenariləri üzərində işləyirik. Bu testlərdə hər şeyi xırdalıqlarına qədər təhlil edirik. Başqa dizayn gəldiyi üçün biz halodan imtina edə bilmərik”.