F-1.az xatırladır ki, Komatsu uzun illər Lotus-la birgə işlədikdən sonra Qrojanla bir yerdə Haas komandasına transfer olunmuşdu.
Yaponiyalı mütəxəssis düşünür ki, top komandalar gələnilki yeni qaydalara daha tez öyrəşəcəklər. Buna görə də, Haas komandası yeni qaydalara görə çətinlik çəkəcək: “Qaydaların dəyişməsi hadisələrə fərqlilik gətirir. Ancaq qayda dəyişməsə də, gələn il hər şeyi bir araya gətirmək üçün hazırda gördüyümüz işləri görməliyik. Yeni qaydalar bolidlərin dəyişməsi deməkdir. Yəni ki, gələn il yarışlara daha çox yenilik aparmalıyıq. Bu il yeniliklər etmədik, çünki bolidimiz onsuz da yaxşı idi və qaydalar da stabil qaldı. Bolidi tanıdıqca və peşəkar formada işlədikcə daha da rəqabətədavamlı oluruq. Ancaq gələn il də builki kimi inkişaf etsək, geridə qalarıq. Çünki böyük komandalar dəyişən qaydalara görə yarışlara daha çox yeniliklər aparacaqlar. Gələn il də bu tempi tutmalıyıq və bu, bizim çətin olacaq.
Bu il 5 yarışa həll etdiyimiz şeyləri gələn 1 yarışa həll etməliyik. Gələn ilin bolidini hazırlayırıq və bir az geridəyik. Amma yaxşı inkişaf edirik. Lakin hədəfdən geridəyik”.
Haas mühəndislər kubokunda Renault, Manor və Sauber-i qabaqlasa da, gələn il bu uğuru təkrarlamağın çətin olduğunu bildirib: “İlk üçlüyə baxsaq, Mercedes, Red Bull və Ferrari fərqi çox açıb. Sonra isə Force İndia, Williams, McLaren, Toro Rosso və biz gəlirik. Xal cəhətdən McLaren və Toro Rosso-dan geri qalsaq da, yarış vaxtı onlardan çox da geri qalmırıq. Altıncı yerə yaxın olsaq da, bəzi çatışmazlıqlara görə 8-ci yerdəyik. Amma gələn il bu yeri qoruyub saxlamaq çətin olacaq. McLaren çox inkişaf edəcək. Çox yaxşı işləyirlər. Toro Rosso isə aerodinamika cəhətdən çox güclüdür və gələn il Renault mühərriyi ilə yarışacaqlar. Gələn il Renault mühərrikləri çox güclü olacaq. Renault hazırda bizdən geridə – 9-cu yerdə olsa da, onlar da inkişaf edəcəklər. Buna görə də builki yerimizi qorumaq üçün çox inkişaf etməliyik.
Burada oturub deyə bilmərəm ki, gələn ilə güvənirəm. Təvazökar olmalıyıq və gələn ilin gətirəcəyi çətinlikləri anlamalıyıq”.