F-1.az bir daha xatırladır ki, İtaliyanın şimal bölgələrində günlərdir ki, yağan güclü yağışlar daşqınlara və fəlakətlərə səbəb olub. Bu həftəsonuna planlaşdırılan Emiliya Romanya Qran Prisinin keçiriləcəyi İmola trası da həmin bölgədə yerləşdiyindən, son günlərdə yarışın keçirilib-keçirilməyəcəyi müzakirə mövzusu olub. Nəhayət, bu gün verilən qərarla yarışın keçirilməyəcəyi aydınlaşıb.
Günter Ştayner: “Bütün komandamız indi Emiliya Romanya bölgəsində daşqınlardan zərər çəkmiş insanlar haqqında düşünür. Trasda işləyən komandamızın bir çox üzvləri bunu öz gözləri ilə gördülər. Biz Formula1 və FİA-nın Emiliya Romanya Qran Prisini bu həftəsonu keçirməmək qərarını tam dəstəkləyirik. İnsanların təhlükəsizliyi hər şeydən önəmlidir. Bu çətin dövrdə yorulmaz səylərinə görə rayonun səlahiyyətli orqanlarına və fövqəladə hallar xidmətlərinə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, çempionat gələn həftə Monakonun dar küçələrində davam edəcək…