F-1.az xatırladır ki, tras bir çox tarixi abidələrin yerləşdiyi ərazidən keçəcək, bu ərazidə yollar çox dardır – indiyə qədər ən dar sayılan Monako Qran Prisi belə bizim trasa həsəd apara bilər. Müasir Formula1 traslarının arxitektoru Hermann Tilke hesab edir ki, trasın belə dar olması problem deyil.
Hermann Tilke: “Hər şey yaxşı görünür, ilkin asfalt qatının döşənməsi yaxşı templə davam edir. Trasın böyük bir hissəsində ilkin qat artıq döşənib, növbəti mərhələdə isə asfaltın üst qatı döşənəcək. Bokslar kompleksinin müvəqqəti binası üçün bünövrə də hazırdır. Ümumən biz qrafikə uyğun hərəkət edirik.
Azərbaycan tərəfi ilə əməkdaşlığımız normal gedir, yerli mütəxəssislərin zəruri təcrübəsi var, çünki Bakıda bu yaxınlarda Avropa Oyunlarının təşkili ilə məşğul olmuşdular”.
Köhnə qala divarlarının yanından keçən hissə trasın ən dar sahəsidir – FİA-nın normalarına görə Formula1 trasının eni minimum 9 metr olmalıdır, amma Əziz Əliyev küçəsində yolun eni 7.8 metr təşkil edir. Bu barədə Tilke belə şərh verib: “Bu, çox cəsarətli addım idi, elə bir dar küçəni seçdik ki, Formula1-də başqa heç bir trasda belə dar yer yoxdur. Həm də bu hissə hündür divarlarla əhatə olunduğu üçün dar hissə daha da vahiməli görünür. Üstəlik tras bu yerdə yüksəkliyə gedir və ilanvari 2-3 dəfə sola-sağa dönür – çox maraqlı yerdir!
Çox güman ki, ilk yarışdan sonra mən daha çox söz deyə biləcəm, amma artıq indi hesab edirəm ki, köhnə qala divarlarının yanındakı sahə ən çətin yerdir. Bu yerdən mənim çox xoşum gəlir və sürücülərin bu çətinliklərin öhdəsindən gəlmələrinə baxmaq istəyirəm.”
Qeyd etmək lazımdır ki, sürücülərdən hələ heç biri Avropa Qran Prisinin trası ilə heç simulyatorda belə tanış olmayıb, çünki komandalar tras barədə dəqiq məlumat almayıblar, amma tezliklə onlara belə məlumatlar veriləcək.
Bakı trası haqqında danışarkən Tilke qeyd edib ki, yarışın promouteri hazırkı konfiqurasiyanı üç mümkün variantdan seçib: “Yekunda Gənclər və İdman Nazirliyi texniki cəhətdən ən çətin variantı seçdi. Sadəcə ona görə ki, bu variant ən gözəl idi və Bakını ən yaxşı göstərirdi…”