F-1.az saytı olaraq biz də bu konfransda iştirak etdik və məşhur arxitektora sırf onun karyerası, işi ilə bağlı suallar ünvanladıq. İlk iki sualı ümumi konfransda verdik, növbəti sualları isə Doktor Tilke məxsusi olaraq saytımıza eksklüziv müsahibəsində cavablandırdı (video):
Sual: Qayıdaq sizin karyeranızın əvvəlinə, sıfırdan qurduğunuz ilk trasa. 1998-ci ildə təqvimdə debüt etmiş Malayziya Qran Prisi üçün Sepanq trasının hazırlanması sizə həvalə olunmuşdu. Məsləhətçiniz isə o zaman hələ ikiqat dünya çempionu olan Mixael Şumaxer idi. Deyilənlərə görə, Mixael Şumaxer sizin hazırladığınız trasda bəzi dəyişikliklər etməyinizi istəmişdi. Siz trasın hansı hissəsini onun xahişindən sonra dəyişdiniz?
Cavab: Bəli, Malayziyada trasın ilk döngəsinin iti bucaq altında olmasın planlaşdırmışdım. Lakin o zaman yarışlarda ötmələr elə də çox olmurdu və Mixael uzun start düzlüyündən sonra bu döngədə də ötmələrin çox çətin olacağını dedi və biz ilk döngəni bir qədər dəyişdirərək ilbizvari yarımdairə halına saldıq. Hadisələri gedişi göstərdi Mixael haqlı idi.
Sual: Sizin hazırladığınız bəzi traslar artıq təqvimdəki yerini itirib. Buna Koreya, Hindistan və bizim çox sevdiyimiz Türkiyə trasını misal göstərə bilərik. İstanbuldakı trasda məşhur döngə var idi – 8-ci döngə. Xatırlayırsınızsa, döngə 3 apeksdən ibarət idi və sürücülərdən səhvə yol vermədən keçilməsi üçün böyük ustalıq tələb edirdi. Belə bir döngəni hazırlayacağınız gələcək trasların hər hansı birində yenidən tətbiq etmək fikriniz varmı?
Cavab: Xeyr, çünki biz hər bir yeni trasda əvvəlki trasların bəzi hissələrini təkrarlasaq, bu, maraqsız olar. Sifarişçi də həmişə yenilik istəyir. Yəni yeni trasın hər bir döngəsinin yeni olmasına çalışır. Elə biz də çalışırıq ki, digər traslardan heç nəyi nüsxələməyək. Ona gör də mənim traslarımın hamısı unikaldır.
Sual: Növbəti sualım yenə də sizin traslar barədədir. Sizin trasların əksəriyyətində hərəkət saat əqrəbinin hərəkətinin əksi istiqamətindədir. Niyə məhz bu hərəkətə üstünlük verirsiz?
Cavab: Bununla bağlı hər hansı bir xüsusi səbəb yoxdur. Biz trası hazırlayarkən onun yerləşdiyi yerin relyefinə baxırıq. Sonra döngələri müəyyən edirik, buna uyğun olaraq təyin edirik ki, trasda hərəkət saat əqrəbinin hərəkəti istiqamətində olsun və ya əks istiqamətində getmək daha yaxşıdır. Bakıdakı trasın saat əqrəbinin hərəkətinin əksi istiqamətində hazırlamağızın səbəbi odur ki, əsas tribuna və paddok klubda əyləşən insanlar sürücülərin yüksək sürətlə gələrək birinci döngədə əyləcə basaraq yavaşımasını, ötmələr etməsini görə bilsinlər.
Sual: Bayaq da qeyd etdiniz ki, siz çalışırsız ki, traslar bir-birilərinə oxşamasın, döngələri nüsxələmirsiniz. Tutaq ki, hər hansı varlı ərəb ölkəsindən sizə tras sifariş verilsə, istəsələr ki, digər trasların əfsanəvi döngələrindən ibarət olan bir tras hazırlayasınız, bu işi görərsiniz?
Cavab: Əlbəttə, siz bunu edə bilərsiz. Trasların müəyyən hissələrini, döngələrini təkrarlaya bilərsiniz. Amma yenə də bu, yeni bir tras olacaq. Çünki bu tras ancaq həmin təkrarlanmış hissədən ibarət olmayacaq. Bəzi hissələri başqa traslardan götürə bilərsiz, amma qalan yerlərin necə olduğuna özünüz qərar verməli olursuz. Tras yalnız döngələrdən ibarət deyil, döngələr ardıcıllığından ibarətdir. Bu, musiqi bəstələmək kimi bir şeydir. Başqa mahnılardakı notların eynisindən istifadə edirsiz, amma yeni bir mahnı bəstələyirsiz.
Sual: Doktor, qayıdaq öz trasımıza. Hamı 8-12-ci döngələri qeyd edir, amma bizi maraqlandıran daha bir hissə var – Neftçilər prospekti 2 hissəyə bölünəcək. Dediyiniz bariyerlər yəqin ki, orda qurulacaq. Həmin hissədə qarşılıqlı hərəkətin olması baxımından, təhlükəsizlik baxımından həmin hissəni necə görürsüz?
Cavab: Bununla bağlı onu deyə bilərəm ki, siz yəqin ki, görmüsüz, o beton bloklar yerindən tərpənməyən divar kimidir. Daima sabit olaraq yerində qalır. Çəkisi 7 tondur və 40 sm dərinliyə basdırılıb. Hətta hər hansı qəza baş versə və maşınlar ora zərblə toxunsalar, bloklar yerindən tərpənərək yolun digər hissəsini daraltmayacaq. Ümumiyyətlə, Bakı trasında təhlükəsizlik yüksək səviyyədə olacaq.
Sual: Əvvəllər hər kəs sizi traslarda ötmələrin mümkün olmamasına görə qınayırdı. Lakin reqlamentdəki dəyişikliklər göstərdi ki, bu, belə deyil. Biz hətta Şanxayda son yarışda 160 ötmənin şahidi olduq. Gələn isə reqlament yenidən dəyişəcək. Siz bir arxitektor kimi bu dəyişikliklərdən nə gözləyirsiz? Ötmələr artacaq ya azalacaq?
Cavab: Bizim bütün traslarımızda ötmələr mümkündür. Məsələn, Bəhreyndə maraqlı yarışın olduğunu gördük. Orda hamı ötmələrin olmayacağını desə də, bunun əksi oldu. Lakin digər tərəfdən də, bir maşın sürətlə gedirsə, arxadakı maşın da eyni sürətlə gedirsə, ötmə olmayacaq, çünki ötmək üçün sürət fərqi olmalıdır. Yeni reqlament, deyilənlərə görə, sürət fərqini təmin edəcək…