F-1.az xatırladır ki, Ferstappen Amerika yarışında ikinci pit-stopa komandadan xəbərsiz gəlmişdi və hollandiyalı bu əsnada çoxlu vaxt itirmişdi. Bundan sonra yarışa qayıdan 18 yaşlı sürücü mühərrik probleminə görə yarışı dayandırmalı olmuşdu və Virtual Təhlükəsizlik Maşını rejimi başlanmışdı. Bundan istifadə edən Rosberq pitə gələrək, təkərlərini dəyişdirmiş və trasa Rikkardonun önündə ikinci yerdə qayıtmışdı. Beləliklə, avstraliylı sürücü ikinciliyi əldən vermişdi.
Helmut Marko Ferstappen barədə bunları deyib: “Təkərlərdən çox şey tələb edə bilməzsiniz. Bunu öyrənməlidir. O, aqressivlik və səbir arasındakı balansı tapmalıdır. Bunu edə bilməsə, yarış və ya çempionluq qazana bilməz. Daniel ilə müqayisədə daha çox təkər yeyir. Bu, onu daha sürətli etmir”.
Bundan başqa mühəndislərdən biri də Ferstappenin təkərləri tez yediyini bildirib: “Birinci pit-stopdan sonra təkərləri çox yedi. Komanda ona xəbərdarlıq etsə də, o, bizə yarışı 4-cü yerdə bitirmək istəmədiyini dedi”.