F-1.az xəbər verir ki, Marko builki bütün yarışlarda qalib gəlmək gücündə olduqlarını etiraf edib.
Helmut Marko: “Yenilənmiş avtomobil bizə rəqiblərimizi daha da üstələməyə imkan verdi. Mən təkəbbür göstərmək istəmirəm, amma onlar bizə çox da yaxınlaşmadılar, sadəcə olaraq ikinci sırada idilər. Bu da bizim üçün yaxşıdır, çünki hər yarışda komandamızın üstünlüyü artır. Bütün yarışlarda qalib gəlməyimiz mümkündür. Maksın texniki problemləri varsa və ya qəzaya düşübsə və həmin gün Serxio Peres yaxşı formadadırsa, qalib gələ bilər. Biz Monrealda komandamızın tarixindəki 100-cü qələbəni qazanmaq və Şpilberqdəki ev yarışımıza bu xüsusi nəticə ilə yollanmaq istəyirik”.
Xatırladaq ki, F1 tarixi boyunca bir komandanın bütün yarışlarda qalib gəldiyi hal olmayıb. Buna ən yaxın nəticəni (93.8%) 1988-ci ildə McLaren göstərib – həmin il Ayrton Senna və Alen Prost 16 yarışın 15-də qalib gəliblər. Yalnız İtaliya Qran Prisi komandanın 100%-lik nəticə göstərməsinə mane olub.