F-1.az xəbər verir ki, Red Bull-un idman məsləhətçisi şirkətin ikinci komandasının göstərdiyi nəticələrin onlara yaraşmadığını, lakin mövsümün gedişində inkişaf edəcəklərinə ümidvar odluğunu bildirib.
Helmut Marko: “Bizi AlphaTauri-nin nəticələri, eləcə də komandanın özü qane etmir. Bununla belə, onların əsas vəzifəsi hələ də gənc istedadlarımızı yetişdirmək və növbəti addımı atmağa kömək etməkdir. Bu, keçmişdə yaxşı işləyib və cüzi nəticələrə baxmayaraq, Yuki Tsunoda gördüyümüz kimi, indi də işləyir.
Ümid edirik ki, AlphaTauri bu il təkmilləşəcək. Gələcəyə gəlincə, resurslardan daha səmərəli istifadə etmək üçün onların əsas komanda ilə əməkdaşlığını genişləndirməyi planlaşdırırıq. Təbii ki, bu, reqlament çərçivəsində baş tutacaq. Komandanın bir hissəsinin İngiltərəyə köçməsini planlaşdırırıq”.
Serxio Peresin son Qran Pridəki nəticələrini şərh edən Helmut Marko meksikalı sürücünün komandadakı yeri ilə bağlı narahat olmamalı olduğunu açıqlayıb: “Serxio ondan gözlədiyimiz işi görür. O, bizə Mühəndislər Kubokunu qazanmağa kömək etməlidir və komanda sıralamasındakı hazırkı mövqe onun hər şeyi düzgün etdiyini təsdiqləyir. Peres həm də performansının zirvəsində olanda yarışlarda qalib gələ biləcəyini göstərib.
Biz Serxionun kifayət qədər yaxşı olub-olmadığını sorğulamırıq. Maks Ferstappen getdikcə daha da yaxşılaşır və ona alternativ tapmaq çətindir. Hazırda bərabər şərtlərlə Maksa qarşı çıxa bilən varmı? Düzünü desəm, mən belə sürücü görmürəm”.