Gülhüseyn Abdullayev EuroFormula winter series-də iştirak edib

Gənc pilotumuzun bu il iştirak edəcəyi EuroFormula Open mövsümünün startına 40 gün var. Amma mövsümöncəsi hazırlıq mərhələsi - EuroFormula Open Winter Series start götürüb.

F-1.az xəbər verir ki, sözügedən seriyaya 25 fevralda Xeresdə start verilib. Amma test xarakteri daşıyan ilk mərhələdə yarış olmayıb. Gənc sürücümüz, eyni zamanda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfirlərindən biri olan Gülhüseyn Abdullayev isə ilk testlərdə iştirak etməsə də, dünən Pol Rikar trasında başlayan 2-ci testlərə qoşulub. Bu testlər ərəfəsində həm də yarış keçirilməsi nəzərdə tutulmuşdu.

Bu yarışın formatı da Gülhüseynin yanvar fevral aylarında qalib gəldiyi Formula Gulf 1000 yarışının formatı ilə eynidir – iki yarış keçirilir və hər 2 yarış üçün vahid sıralanma mərhələsi nəzərdə tutulur.

Campos Racing komandasında çıxış edən Gülhüseyn bu gün səhər keçirilən sıralanma seansını 21-ci yerdə tamamlayıb.

Yarışlardan 1-cisini start aldığı yerdən 3 pillə irəlidə – 18-ci yerdə bitirib. İtalyan Leonardo Pulçini qalib gələrkən, kolumbiyalı Tatyana Kalderon 2-ci, avstriyalı Ferdinand Habsburg 3-cü olub.

İkinci yarışda isə həmyerlimiz yaxşı start alsa da, ilk döngədə yerində fırlanıb və sona düşüb. Amma buna baxmayaraq 17-ci yerdə finiş görüb. İkinci yarışın qalibi isə meksikalı Dieqo Mençasa olub. İkinci yeri Ferdinand Habsburg, 3-cü yeri isə italyan Leonardo Pulçini tutub.

Hər iki yarış 14 dövrədən ibarət olub.

Seriyanın növbəti dayanacağı 15-16 mart tarixlərində Barselona olacaq. Amma Gülhüseyn orada iştirak etməyəcək. Çünki o, 17-18 mart tarixlərində Formula Gulf 1000 seriyasında iştirak edəcək.

EuroFormula Open seriyası 23-24 apreldə Portuqaliyada Eştoril trasında start görürəcək. Həmyerlimizə növbəti yarışlarda uğurlar arzulayırıq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*