İndi biz Şanxayda Lyisin maşınının güc qurğusu ilə olan problemini bilirikmi?
Cümə axşamı səhər biz güc qurğusunu Briksuorta çatdırdıq və dərhal da təhqiqata başladıq. MGU-H bloku tam söküldü – biz şübhələnirdik ki, izolyasiya ilə bağlı problem meydana çıxıb. Yağ nasosları kimi, turbokompressoru da dəyişmək lazım gələcək – biz yağ verilişi sistemində qəlpələr aşkar elədik, lakin təmirdən sonra bu güc qurğusu yenidən istifadə olunacaq – o, ehtiyat kimi Soçiyə yollanacaq.
Trasda güc qurğusu dayandıqda hansı hərəkət planı işə düşməlidir?
İlk növbədə, trasdakı mühəndislər və onların Briksuortdakı çoxsaylı həmkarları güc qurğusunun çoxlu sayda göstərici cihazlarındakı məlumatların qeydiyyatını aparan qurğudakı informasiyanı yazırlar ki, problemin nə qədər ciddi olduğunu başa düşsünlər.
Əgər biz anlayırıqsa ki, problemi trasda aradan qaldırmaq olmaz və güc qurğusunun elementlərini dəyişmək lazımdır, texniki heyət elə yoldaca Briksuorta mümkün qədər tez qayıtmaqdan ötrü komponentlərin hazırlanmasına başlayır. Bizim pozuntunun səbəbi olduğundan şübhələndiyimiz sistemə görə məsul mühəndis, nəqletmənin davam etdiyi müddətdə onun sökülməsinə dair təfərrüatlı təlimat tərtib edir.
Bu cür təlimatda nə var?
Bu, Briksuortdakı texniki heyət üçün müfəssəl hərəkət ardıcıllığıdır, buradakı sökülmə prosesinin hər bir mərhələsini, zəruri avadanlığı və yoxlama üsullarını təsvir edir. Siyahı xronoloji qaydada, hər bir addım üçün təqribi zaman sayının qiymətləndirilməsi ilə yazılır.
Əksər hallarda texniki heyət xırda qəlpələrin toplanması üçün yağ və soyutma sistemlərinin yuyulmasından başlayır. İri fraqmentlərin əllə aradan qaldırılmasının mümkün olduğu bir vaxtda daha kiçikləri – hansı ki, çox vaxt problemin mənbəyini bunlar göstərir – ötürücü boruların ucqar uclarında ya da zədələnmiş hissədən aşağıda yerləşən filtrlərdə ola bilər.
Qəlpələri necə tədqiq edirlər?
Birinci mərhələ – mikroskop altında öyrənmədir. Biz forma və ölçüləri araşdırırıq ki, öyrənək: bunlar adi aşınma-köhnəlmənin nəticəsi olaraqmı, yaxud hansısa elementin dağılması kimimi ortaya çıxıb. Sonra qəlpələr xromatoqrafda və elektron mikroskop altında tədqiq edilir ki, kimyəvi tərkib öyrənilsin, material tipi müəyyənləşdirilsin və onların haradan peyda ola biləcəyi başa düşülsün.
Nəzərdən keçirilən komponentlərlə sonra nə baş verir?
Elə ki, qəlpələrin təhlili başa çatır və zərər görmüş komponentlər sökülür, bütün elementlər sistemdə yerləşdiyi qaydada düzülür. Qəlpənin haradan olduğunu və nəticədə haraya gəlib çıxdığını öyrənməklə, mühəndislər hadisələrin ehtimali ardıcıllığını müəyyən edə bilərlər. Sonra onlar yoldan olan göstəricilərin təhlilinə qayıdırlar ki, güc qurğusunun göstərici cihazlarında görünən və meydana gəlmiş ideyanı təsdiqləməyə qadir sapmaları aşkarlasınlar.
Simulyator təhqiqat zamanı kömək edirmi?
Virtual modelləşdirmə alətləri sistemdə baş verənlərə dair təsəvvür yaradır və işlənmənin bütün mərhələlərində fəal istifadə olunur. Nə vaxt ki hansısa komponent çalışmaqdan qalır, nasazlığın səbəb və nəticələrini modelləşdirmək üçün bu virtual modellərin işlənməsini tamamlamaq olar.
Mühəndislər problemi imitasiya eləmək üçün stend sınaqlarından da istifadə edirlərmi?
Çalışmaqdan imtinanı modelləşdirmək üçün səhvi real sistemdə də canlandırmaq və sonra dinamik sistemdə yoxlamaq olar. Bu, testləşdirmənin kifayət qədər bahalı üsuludur, – amma o da trasdakı təkrar xarab olma ilə müqayisədə ucuzdur. Mühərriyi, müxtəlif ssenariləri imitasiya edərək, adətən, tövsiyə olunandan böyük və ya kiçik yolvermələrlə işə salmaq mümkündür.
Bəs əgər söhbət güc qurğusunun qeyri-mexaniki elementlərindən gedirsə?
Əgər bu zəruridirsə, güc qurğusunun hər bir elementi yoxlamaya məruz qala bilər.
Xarab olmanın meydana çıxma anını müəyyənləşdirmək üçün elektron detallar və çap plataları tədricən artan temperaturda sınaqdan keçirilə bilər. Çox qızmanın sıradan çıxmaya səbəb olub-olmadığını müəyyənləşdirmək məqsədilə sonra həmin göstəriciləri bu platadakı ERS modulunda olan temperaturla əlaqələndirmək mümkündür.
Diaqnostika prosesində kim iştirak edir?
İlk növbədə, müvafiq sistemdə iş təcrübəsinə malik mühəndis həll yolu tapılmayanadək, istisnasız olaraq bu təhqiqatla məşğul olmaq tapşırığı alır. Kişi və ya qadın mühəndis ən azı hər 24 saatdan bir brifinqlər keçirir, baş verənlərin nəzəri mənzərəsi üzərində işləməyə isə dörd ya da beş nəfər cəlb olunur. Adətən onlar güc qurğusu ilə iş sahəsində böyük təcrübəsi olan, problemləri həll eləməyi bacaran və qeyri-standart düşünən əməkdaşlardırlar – onlar addım-addım hər şeyi yoxlayırlar ki, yekunda bizim doğru qənaətlər çıxara biləcəyimizdən əmin olsunlar.