FİA müzakirələrin yekunu barədə rəsmi bəyanat yaymaq fikrində deyil, amma Britaniya mətbuatının fikrincə, 4 motor istehsalçısı öz aralarında razılığa gəliblər ki, müştəri komandalar üçün güc qurğularının illik dəyəri 12 milyon avroya başa gəlsin. Bu məhdudiyyət 2018-ci ildən qüvvəyə minəcək və ən azı 2020-ci ilədək qüvvədə olacaq. Beləliklə, komandalar qəti olaraq daha ucuz alternativ motor təklifini rədd ediblər.
F-1.az xəbər verir ki, bundan başqa görüşün iştirakçıları məsrəflərin azaldılması üzrə bəzi təklifləri də qəbul ediblər – məsələn, mövsümün gedişində istifadə edilən ötürmələr qutusunun sayı 4-dən 3-ə endirilib. Son günlər geniş müzakirə olunan yanacaqdoldurmanın qaytarılması təklifi də yekdilliklə rədd edilib.
Komandalar sürücülər üçün yeni mükafatı da müzakirə ediblər – “Günün sürücüsü” sosial şəbəkələrdə səsvermə yolu ilə müəyyən olunacaq. Sürücülər ayrıca olaraq “ən yaxşı ötmə” mükafatını da ala bilərl’r. Bundan başqa “ən sürətli pit-stop” mükafatı mexaniklər briqadasına təqdim olunacaq. Amma bu mükafatların hansı mövsümdən tətbiq olunması barədə bir məlumat yoxdur.
Müzakirə olunan mövzulardan biri də həftəsonunun formatı olub, amma görüş iştirakçıları yekdil fikrə gəlmədikləri üçün bu mövzunun müzakirələri hələ davam edəcək.
Formula1 Komissiyasının qərarları mart ayında baş tutacaq Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında təsdiq olunmalıdır…