F-1.az hesabata əsasən bildirir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Formula One Group-un ümumi gəliri 3% artaraq 616 milyon dollar təşkil edib. Eyni zamanda, xərclər də 5% artdığı üçün (415 milyon dollar) şirkətin xalis mənfəəti 45 milyon dollaradək azalıb.
Liberty Media şirkəti qeyd edib ki, gəlirin çoxalmasına teleyayım haqqının artırılması və yeni sponsorların cəlb edilməsi səbəb olub. Mənfəəti azaldan xərclər isə amortizasiya ödəmələri, inzibati məsrəflər, azarkeşlərlə münasibətlərə çəkilən xərclər, Ultra HD keyfiyyətində yayımın təşkili xərcləri və avadanlıqların daşınması üçün təyyarə icarəsinin artması olub.
Çeyz Keri: “Artıq mövsümün ilk yarısı arxada qalıb. Bu müddət ərzində tamaşaçı sayının artmasını gördük, eyni zamanda bizim rəqəmsal platformalarda iştirakımız da artıb. Biz qarşıdakı 3-5 il üçün strateji inkişaf planını hazırlayırıq. Əsas diqqətimizi yeni azarkeşlərin cəlb olunmasına cəmləmişik, çünki auditoriyanın artımı biznesə müxbət təsir edir və uzunmüddətli perspektivdə göstəricilərin artmasına əsas olacaq”.