Bu il martın əvvəllərində Avstraliya Qran Prisinin təşkilatçıları FOM-la müqaviləni 2020-ci ilə qədər uzadıblar, bu zaman əsas şərt kimi mövsümün məhz Melburnda açılması göstərilib. Bu gün Australian Grand Prix Corporation şirkətinin icraçı direktoru Əndryu Uestakott gələn il mövsümün çox gec başlama tarixini açıqlayıb – mövsümə aprelin 3-də start veriləcək.
Adətən mövsüm martın ortalarıdna start alır, amma cari mövsüm çox gec qurtaracaq – noyabrın 29-da, sonra isə yeni maşınları hazırlamaq və mövsümöncəsi testləri keçirmək lazımdır: FOM-un yeni mövsümə gec başlama niyyəti tam aydındır.
Gələn il Melburnda yarış builkindən daha bir saat tez başlayacaq, çünki ölkədə saatların əqrəbləri irəli çəkiləcək və günəş 1 saat tez batacaq. Təqvimin ilk iki yarışı cütləşmiş olacaq, yəni Çin Qran Prisi 1 həftədən sonra baş tutacaq…
Əndryu Uestakott: “Əlbəttə, dünya çempionatının ilk yarışını Melburnun qəbul etməsi fantastikadır. Son 20 ildə mövsümün açılışı məhz bizim yarışla yada düşür və biz yenidən komanda və sürücüləri şəhərimizdə salamlamağı səbirsizliklə gözləyirik. Yarış adət etdiyimizdən 1 saat tez başlayacaq, amma bütün həftəsonu ərzində tamaşaçılar tam əylənə biləcəklər”.
F-1.az xatırladır ki, 2006-cı ildə də Avstraliya Qran Prisi gec keçirilmişdi, o zaman təqvimin 3-cü yarışı olan milli mərhələ aprelin 2-də baş tutmuşdu, buna səbəb isə Milli Əməkdaşlıq Oyunlarının keçirilməsi olmuşdu.
Təqvimin son versiyası dekabr ayında təsdiq olunacaq…