F-1.az xatırladır ki, ilk testlərdən sonra Ferrari və Mercedes rəqiblərindən bir baş üstün görünürlər. Red Bull gözləntiləri qarşılamasa da, əksəriyyət avstriyalıların Melburnda güclü olacağını düşünür. Williams komandası da testlərdə özünü yaxşı tərəfdən göstərib.
Günter Ştayner: “Düşünürəm ki, ilk üçlüklə digərləri arasında 1.3-1.5 saniyə fərq var. Aerodinamika fərq əmələ gətirir. Bunun üzərində işləməliyik. Təbii ki, bu, Avstraliyada baş verməyəcək, ancaq böyük komandaların resursu həmişə çox olur. Bu gözləniləndir. Mercedes, Ferrari və Red Bull komandalarının digərlərindən güclü olması təəccüblü deyil. Daha çox test etmək üçün resursları var. Məncə, 1.5 saniyəlik fərq mövsüm ərzində azalmayacaq. Amma vaxt keçdikcə təkmilləşmə azalır. Buna görə də kiçik komandalar aerodinamik cəhətdən geridə olduqları üçün daha çox inkişaf edə bilərlər. Görək o birilər nə edəcəklər.
Williams komandası ilk üçlüyə daha yaxın görünür. Amma hər şeydən əmin olmaq üçün Avstraliyanı gözləməliyik”.