F-1.az xatırladır ki, Ferrari Sürücü Akademiyasında yetişən Lekler 2018-ci ildə Alfa Romeo ilə Formula1-də debüt etmişdi. Lakin monakolu sürücünün Haas ilə də yarışma ehtimalı var idi, çünki gənc sürücü ilk dəfə Formula1 bolidinə 2016-cı ilin Britaniya Qran Prisində Haas ilə oturmuşdu.
Günter Ştayner: “Onunla yarışmağı düşünmürdük, çünki Ferrari sürücüsü idi. Sözün açığı, onunla birillik müqavilə bağlaya bilərdik, amma o dövrlər qısamüddətli müqavilələrə yaxşı baxmırdıq. Bunu heç xoşlamırıq. Belə hallarda təcrübəçi kimisiniz və sürücünü daha yaxşı hala gətirməyə çalışırsınız. Yəni ki, böyük komanda üçün təcrübə taxtasından fərqiniz yoxdur.
Buna görə də Leklerlə müqavilə bağlamadıq. Əgər istəsək, Ferrari onu bizə verərdimi, bilmirəm. Onsuz da Sauber-i seçdilər və biz ona təklif verməmişdik. Yenə də F1 bolidində debütünü Haas-la etmişdi. O, bizimlə çıxdığı sessiyalarda ağıllı davranmışdı. Sadəcə maşını hiss etməyə çalışdı və işini gördü”.