F-1.az xatırladır ki, Haas komandası Meksikada cümə günü pis performans göstərmiş və sıralanma turunda ikinci sessiyaya keçə bilməmişdi.
Ştayner Amerikadakı güclü performansdan sonra bu cür nəticə gözləmədiyini deyib: “Səhvin harada olduğunu bilirik. Düzgün balans seçə bilmədik. Təkərləri işlədə bilmədik. Özümüzə qarşı dürüst olmalıyıq. Cümə günü pis işlədik. Şənbə günü isə sıralanma turu bizim üçün faciə oldu.
İki yarış əvvəl iki bolidlə də son sessiyaya qalmışdıq. İki yarış sonra isə iki bolidimiz də ikinci sessiyaya çıxa bilmədi. Dəyişən nə idi? Sonrakı yarışda bəzi şeylərin cavabını öyrənməliyik.
Cümə performansımızın üstündə işləməliyik. Hazırda ən böyük çatışmazlığımız cümə və şənbə günlərini pis keçirməyimizdir. Bu işə fokuslanacayıq”.
Ştayner bildirib ki, onlar Meksikadakı performansdan sonra panikaya düşməyiblər: “Heç bir şeyi və ya heç bir detalı dəyişdirmək məcburiyyətində deyilik. Sadəcə daha yaxşı iş görməliyik. Uşaqlarla danışdım. İki həftə ərzində axmaq olmadıq. Sadəcə yaxşı həftəsonuna ehtiyacımız var”.