F-1.az xatırladır ki, Haas komandası Avstraliyada qırmızı bayraqların köməyi ilə Formula1-dəki ilk xallarını qazanmışdı. Amma amerikalılar Bəhreyndə göstərdikləri performans ilə bu nəticənin təsadüfi olmadığını isbat etdilər.
Komandanın rəhbəri Günter Ştayner bildirib ki, onlar Mühəndislər Kubokunda beşinci yerə yüksəldikləri üçün məmnundurlar və bu mövsüm bunun davamı gələcək. Ştayner əlavə edib ki, mövsümü beşinci yerdə bitirmək heç də asan olmayacaq: “Məncə, hər yarış beçinci yeri tutmaq qeyri-mümkündür. Artıq bizim əsas hədəfimiz hər yarışdan xal almaqdır. Hədəfimiz budur. Reallaşdıra bilərikmi? Onu bilmirəm.
Bolid barədə yetərincə məlumatımız var və nə edəcəyimizi bilirik. Hamı bizim sürətimizi son iki yarışda gördü. Ona görə də düşünürəm ki, hər yarışdan xal ala bilərik.
İki yarışda da bir bolidimiz yarışı bitirə bildi. Əgər iki bolidimiz də yarışı bitirə bilsə, şansımız iki qat çoxalar. Mən əminəm ki, hər yarışdan xal almağa çalışacayıq, amma hər yarışı beşinci yerdə bitirmək acgözlülük olar və belə olmaq istəmirik”.
Qrojan sıralanma turunda 9-cu yeri tutaraq yarışa yeni təkərlərlə başlamasına baxmayaraq, Ştayner bildirib ki, komandadan bu performansı gözləmirmiş: “Beşinci yeri gözləmirdik. Sıralanma turundan sonra xal alacağımıza ümid edirdik. Mənim fəlsəfəmə görə yarışdan heç nə gözləməməlisiniz.
Xal almaq üçün əlinizdən gələnin ən yaxşısını edərsiniz. Səhər heç bir gözləntim olmadan oyanaram və daha sonra cəhd edib, uğur qazanarsınız. Bax, bizim fəlsəfəmiz budur.
Cümə və şənbə günləri keçirilən sərbəst yürüşlərdə xal alacağımızı hiss etmişdik. Bəzən yarışı vaxtından əvvəl dayandıracayıq, amma daha sonra iki bolidlə də yarışı bitirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Hər yarışda beşinci ola bilmərik. Bu ola bilməz”.
Qrojan aldığı xallarla komandanı sevindirsə də, Qutyerresin hələ də yarış bitirə bilməməsi Ştayneri məyus edir: “Qutyerres hər iki yarışı da bitirə bilmədi. Yaşadığı problemi araşdırmalıyıq. Bizi bir problem gözləyir.
Biz düşünürük ki, əyləclərdə problem var, amma tam əmin deyilik. Biz iki bolidlə də yarış bitirmək istəyirik. Çindəki bu olmalıdır”.
Qeyd edək ki, Qutyerres Avstraliyada Alonso ilə insident yaşadığına görə, Bəhreyndə isə əyləc probleminə görə finiş görə bilməmişdi…