F-1.az xatırladır ki, komandanın F1-də indiyə qədərki ən yaxşı nəticəsində 2018-ci ildə Avstriyada Roman Qrojan imza atıb – fransız sürücü həmin yarışı dördüncü yerdə başa vurub. Komandanın rəhbəri isə gələcəyə nikbin baxır.
Günter Ştayner: “Monako Qran Prisi Haas tarixində 150-ci olacaq. İndiyə qədər Roman Qrojanın Şpilberqdə dördüncü yeri tutması komandanın ən yaxşı nəticəsi olaraq qalır. Bu il məqsədimiz ötən mövsümlə müqayisədə Mühəndislər Kubokunda daha yüksək pilləyə yüksəlməkdir. Hər il önə doğru bir addım atmaq vacibdir. Bilirəm ki, bir gün yarışda qalib gələcəyik. Bunun nə vaxt baş verəcəyi ilə bağlı heç bir fikrim yoxdur, amma nə vaxtsa Haas sürücüsü birinci olacaq!”.
Xatırladaq ki, keçən il xaotik keçən San Paulu Qran Prisinin sıralanma turunda komandanın sürücüsü Kevin Maqnussen poulun sahibi olmuşdu. Lakin növbəti gün sprint yarışında mövqeyini qoruya bilməmişdi.